Naxçıvan Azərbaycanın siyasi, tarixi, iqtisadi və geostrateji məkanında xüsusi mövqeyə malik qədim diyardır. Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı yerləşən Naxçıvan tarixən Şərqlə Qərb, Anadolu ilə Cənubi Qafqaz arasında əlaqələrin formalaşdığı mühüm məkanlardan biri və Türk dünyasına açılan qapı olmuşdur. Bu coğrafi xüsusiyyət bir tərəfdən Naxçıvanın Azərbaycan üçün strateji əhəmiyyətini artırmış, digər tərəfdən isə onun nəqliyyat və kommunikasiya imkanlarının davamlı inkişaf etdirilməsini zəruri etmişdir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri yalnız ayrı-ayrı sosial və iqtisadi layihələrin təqdimatı ilə məhdudlaşmayan, Naxçıvanın uzunmüddətli inkişaf perspektivlərinə dair strateji yanaşmanı nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq, günəş elektrik stansiyalarında görülən işlərə baxış, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, sosial evlər kompleksinin və “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimlərində iştirak kimi mühüm tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlərin hər biri ayrıca əhəmiyyət daşısa da, onların ümumi məzmunu Naxçıvanın yeni inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirir. Sənayeləşmə, bərpaolunan enerji, müasir şəhərsalma, sosial infrastruktur, turizm və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi bu modelin əsas komponentlərini təşkil edir.
Bu kontekstdə Zəngəzur dəhlizi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Naxçıvanın gələcək iqtisadi və nəqliyyat inkişafını onun Azərbaycan Respublikasının əsas hissəsi ilə daha sıx əlaqələndirilməsi perspektivindən ayrı təsəvvür etmək çətindir. Zəngəzur dəhlizi bu baxımdan yalnız nəqliyyat layihəsi deyil, Azərbaycanın regional iqtisadi əlaqələrinin, Naxçıvanın tranzit imkanlarının və Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı baxımından mühüm strateji layihə kimi çıxış edir.
Naxçıvanın tarixi mövqeyinə baxış
XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi dəyişikliklər Naxçıvanın statusu və ərazi əlaqələri məsələsini daha da aktuallaşdırmışdır. 1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanın statusunun müəyyənləşdirilməsində mühüm tarixi sənədlər kimi çıxış etmişdir. Qars müqaviləsi Naxçıvanın Azərbaycan ərazisi kimi xüsusi statusunun beynəlxalq hüquqi-siyasi müstəvidə təsbit edilməsində mühüm rol oynamışdır. Sonrakı dövrlərdə baş verən siyasi və inzibati dəyişikliklər nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrı vəziyyətdə qalmışdır. Sovet İttifaqının dağılmasından sonra isə bu coğrafi xüsusiyyət daha ciddi nəqliyyat və kommunikasiya problemləri yaratmışdır.
1990-cı illərin əvvəllərindən başlayaraq ermənilərin bölgəyə amansız hücümları, regionda baş verən hərbi-siyasi proseslər Naxçıvanın Azərbaycanla quru əlaqələrinin daha da mürəkkəbləşməsinə səbəb olmuşdur. Beləliklə, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz quru nəqliyyat əlaqəsinin bərpası sonrakı dövrlərdə yalnız iqtisadi deyil, həm də strateji dövlət siyasəti məsələsinə çevrilmişdir. Bu tarixi kontekst Zəngəzur dəhlizi məsələsinin mahiyyətini anlamaq üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin çıxışlarında da Zəngəzurun tarixi-coğrafi əhəmiyyəti və Naxçıvanla əlaqənin bərpası məsələsi dəfələrlə vurğulanmışdır. 2020-ci ildən sonra isə bu məsələ regional nəqliyyat gündəliyinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Zəngəzur dəhlizi: tarixi ideyadan regional nəqliyyat layihəsinə
Zəngəzur dəhlizi anlayışı müasir siyasi və iqtisadi gündəlikdə xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra geniş şəkildə istifadə olunmağa başlamışdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Zəngəzur dəhlizi layihəsinin Azərbaycanın təşəbbüsü ilə irəli sürüldüyünü və 44 günlük Vətən müharibədən sonra beynəlxalq gündəliyə daxil olduğunu bildirib.
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsini gündəmə gətirmişdir. Sənədin 9-cu bəndində regiondakı iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verməsi məsələsi nəzərdə tutulmuşdur. Bu müddəa Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Naxçıvanın Azərbaycan Respublikasının əsas hissəsi ilə quru əlaqəsinin bərpası uzun illər mövcud olmuş coğrafi parçalanmanın nəqliyyat baxımından aradan qaldırılmasına imkan verirdi.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən infrastruktur layihələrinin bəziləri də bu baxımdan Zəngəzur dəhlizi ilə əlaqələndirilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası Azərbaycanın əsas ərazisindən Zəngəzur istiqamətinə qədər nəqliyyat bağlantısının yaradılmasının mühüm hissəsidir. Prezident Cənab İlham Əliyev bu dəmir yolunun gələcəkdə Naxçıvana qədər uzadılmasının Azərbaycan ərazisinin əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini bərpa edəcəyini qeyd etmişdir. Beləliklə, Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız yeni bir yolun inşasından ibarət deyil. Layihə Azərbaycan ərazisinin müxtəlif hissələri arasında nəqliyyat əlaqəsinin gücləndirilməsi, regional ticarətin genişləndirilməsi və Cənubi Qafqazda yeni iqtisadi marşrutların formalaşdırılması baxımından daha geniş məna daşıyır.
Zəngəzur dəhlizinin Naxçıvan üçün əhəmiyyəti
Zəngəzur dəhlizinin ən mühüm nəticələrindən biri Naxçıvanın Azərbaycan Respublikasının əsas hissəsi ilə quru nəqliyyat əlaqəsinin bərpası perspektividir. Bu məsələ Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından fundamental əhəmiyyət daşıyır.
Hazırkı coğrafi vəziyyətdə Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqəsinin olmaması yük və sərnişin daşımalarında əlavə marşrutlardan istifadəni zəruri edir. Yeni nəqliyyat bağlantısının yaradılması isə məsafələrin və logistika xərclərinin azalmasına, yükdaşıma imkanlarının genişlənməsinə və Naxçıvanın Azərbaycanın ümumi iqtisadi məkanına daha sıx inteqrasiyasına şərait yarada bilər.
Bu baxımdan Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafı üçün yeni imkanlar formalaşdırmaq potensialına malikdir. Naxçıvan Sənaye Parkında istehsal ediləcək məhsulların daha geniş bazarlara çıxarılması, kənd təsərrüfatı məhsullarının daşınmasının asanlaşdırılması və regionun logistika imkanlarının artırılması dəhlizin iqtisadi nəticələri sırasında nəzərdən keçirilə bilər.
Azərbaycan Prezidentinin rəsmi mövqeyinə əsasən, Zəngəzur dəhlizi gələcəkdə Şərq-Qərb nəqliyyat marşrutunun mühüm qollarından birinə çevrilmə potensialına malikdir. Rəsmi məlumatlarda dəhlizin Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsini bərpa etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında strateji halqa funksiyası daşıya biləcəyi qeyd olunur.
Zəngəzur dəhlizi və Azərbaycanın regional nəqliyyat siyasəti
Azərbaycan son onilliklər ərzində nəqliyyat infrastrukturu sahəsində ardıcıl layihələr həyata keçirərək ölkənin regional tranzit mövqeyini gücləndirmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, avtomobil yolları və hava limanlarının inkişafı Azərbaycanın Şərq-Qərb nəqliyyat əlaqələrində rolunu artırmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycan, Gürcüstan və Türkiyə arasında nəqliyyat əməkdaşlığının yeni mərhələsini formalaşdırmışdır. Bu layihə sonrakı mərhələdə Orta Dəhliz konsepsiyasının inkişafı üçün də mühüm infrastruktur bazası yaratmışdır.
Zəngəzur dəhlizinin yaradılması isə bu nəqliyyat sisteminə yeni istiqamət əlavə edə bilər. Beləliklə, Azərbaycan ərazisi üzərindən Xəzər dənizi, Cənubi Qafqaz, Türkiyə və daha geniş Avropa məkanı arasında nəqliyyat bağlantılarının şaxələndirilməsi mümkün ola bilər.
2026-cı ilin əvvəlində Prezident Cənab İlham Əliyev Zəngəzur dəhlizi istiqamətində Azərbaycanın öz ərazisində görülən işlərin böyük hissəsinin artıq tamamlandığını bildirmiş, avtomobil yolunun təxminən 90 faizinin, dəmir yolunun isə təxminən 70 faizinin hazır olduğunu qeyd etmişdir. O, həmçinin Türkiyədə Qars-Naxçıvan dəmir yolu layihəsinin başlanmasını bu proseslə əlaqəli mühüm hadisə kimi qiymətləndirmişdir.
Bu faktlar göstərir ki, Zəngəzur dəhlizinə dair yanaşma yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, həm də müxtəlif istiqamətlərdə infrastruktur layihələri ilə müşayiət olunur.
Naxçıvanın gələcək inkişafını Zəngəzur dəhlizi ilə birlikdə nəzərdən keçirdikdə isə daha geniş iqtisadi model ortaya çıxır. Nəqliyyat bağlantısının gücləndirilməsi sənayenin inkişafı üçün bazar imkanlarını genişləndirə, sənaye müəssisələrinin məhsullarının digər regionlara və xarici bazarlara çıxışını asanlaşdıra bilər.
Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti
Zəngəzur dəhlizinin əhəmiyyəti Azərbaycan-Naxçıvan əlaqələri ilə məhdudlaşmır. Layihənin reallaşması Cənubi Qafqazın nəqliyyat xəritəsinə ciddi təsir göstərə bilər.
Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin artması yeni və daha qısa logistika marşrutlarına ehtiyacı artırır. Azərbaycan coğrafi mövqeyindən istifadə etməklə özünü bu prosesdə mühüm tranzit ölkələrdən biri kimi təqdim edir. Zəngəzur dəhlizi də bu strategiyanın mühüm komponentlərindən biri hesab olunur.
Dəhlizin fəaliyyətə başlaması Azərbaycanı Naxçıvan və Türkiyə istiqamətində yeni quru nəqliyyat bağlantısı ilə təmin etməklə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında yükdaşımaların alternativ marşrutlarının inkişafına da töhfə verə bilər.
Bu baxımdan layihənin iqtisadi əhəmiyyəti üç səviyyədə qiymətləndirilə bilər: birincisi, Azərbaycan daxilində ərazi və iqtisadi inteqrasiyanın gücləndirilməsi; ikincisi, Cənubi Qafqazda regional ticarət əlaqələrinin genişləndirilməsi; üçüncüsü, Avrasiya nəqliyyat sistemində Azərbaycanın tranzit mövqeyinin daha da möhkəmləndirilməsi.
Eyni zamanda, belə layihələrin uzunmüddətli uğuru regional əməkdaşlıqdan, dövlətlərarası razılaşmalardan və qarşılıqlı iqtisadi maraqların təmin olunmasından asılıdır. Buna görə Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi deyil, həm də regionda yeni iqtisadi əməkdaşlıq modelinin formalaşmasına təsir göstərə biləcək geosiyasi layihə kimi nəzərdən keçirilə bilər.
Nəticə
11 avqust 2026-cı ildə Prezident Cənab İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişaf perspektivlərinin kompleks şəkildə müəyyənləşdirilməsi baxımından mühüm siyasi və iqtisadi hadisə olmuşdur. Səfər çərçivəsində təqdim edilən və təməli qoyulan layihələr Naxçıvanın inkişafının bir neçə əsas istiqamət üzrə paralel şəkildə həyata keçirilməsinin nəzərdə tutulduğunu göstərir.
Bu baxımdan Zəngəzur dəhlizi Naxçıvanın gələcək inkişaf modelinin strateji elementlərindən biri kimi çıxış edir. Dəhlizin reallaşması Azərbaycan ilə Naxçıvan arasında quru əlaqəsinin bərpasına, Naxçıvanın Türkiyə ilə nəqliyyat bağlantılarının güclənməsinə, regional ticarətin genişlənməsinə və Azərbaycanın tranzit imkanlarının artırılmasına şərait yarada bilər. Azərbaycan Prezidenti də bu layihəni Azərbaycanın regional nəqliyyat siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim edir.
Tarixi baxımdan Zəngəzur məsələsi Naxçıvanın coğrafi mövqeyi ilə sıx bağlıdır. Müasir dövrdə isə bu məsələ yeni iqtisadi və nəqliyyat məzmunu qazanmışdır. Buna görə Zəngəzur dəhlizinə yalnız keçmişin siyasi hadisələri kontekstində deyil, həm də XXI əsrin regional nəqliyyat, logistika və iqtisadi inteqrasiya prosesləri çərçivəsində yanaşmaq lazımdır.
Asəf Orucov
Naxçıvan Muxtar Respublikası
Ali Məclisin deputatı
