Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

A- A A+

Cari ildə qlobal miqyasda Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumunun istifadəyə verilməsi gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Ember” təşkilatının məlumatında deyilir.

Bildirilir ki, bu həcm 2025-ci ildəki 307 giqavat/saat tutumla müqayisədə 50 faiz artım deməkdir. Xüsusilə litium dəmir fosfat texnologiyasındakı irəliləyişlərlə birlikdə batareya saxlama sistemlərinin qlobal miqyasda orta quraşdırılma dəyəri 2010-cu ildə kilovat/saat üçün 2634 dollardan 2025-ci ildə 140 dollara düşüb. Beləliklə, xərclər son 15 ildə 95 faiz azalıb, eyni zamanda, batareyaların performansı, təhlükəsizliyi və dövr ömründə də irəliləyişlər əldə edilib.

“Ember”ə görə, batareyaların yerləşdirilmə sürəti və onların elektrik sistemlərinə effektiv inteqrasiyası Günəş enerjisi artımının növbəti mərhələsində həlledici olacaq.

Dünya miqyasında bu il istifadəyə verilməsi planlaşdırılan yeni batareya tutumu sayəsində Günəş enerjisindən istehsal olunan artıq elektrik enerjisinin 34 faizinin Günəş işığı olmadığı vaxtlarda saxlanıla və istifadə edilə biləcəyi proqnozlaşdırılır. Bu nisbət 2025-ci ildə 18 faiz, 2021-ci ildə isə 4 faiz təşkil edib.

Qlobal elektrik enerjisi istehsalında Günəş enerjisinin payı ilin birinci yarısında rekord səviyyəyə çataraq 10 faizi keçıb, qlobal Günəş enerjisi istehsalı 2023-cü ilin birinci yarısındakı 769 teravat/saatdan cari ilin eyni dövründə 1564 teravat/saata yüksəlib.

“Ember”in hesablamalarına görə, ilin birinci yarısında bir gündə saat 11:00 ilə 14:00 arasında orta hesabla günəş enerjisi istehsalı qlobal elektrik enerjisi tələbatının 25 faizdən çoxunu ödəyib.

Bolqarıstan və Çili 2025-ci ilə qədər gündəlik yeni Günəş enerjisi istehsalının dörddəüçündən çoxunu günəşsiz saatlara keçirmək üçün kifayət qədər yeni batareya tutumu quraşdırmaqla qlobal miqyasda seçilir. Bu göstərici Bolqarıstanda 77 faiz, Çilidə 76 faiz və Avstraliyada 60 faizdir. Kaliforniyada isə Günəş enerjisi və batareya sistemləri ilin birinci yarısında saat 19:00 ilə 21:00 arasında orta gündəlik elektrik enerjisi tələbatının dörddəbirindən çoxunu ödəyib.

İlin birinci yarısında bir gündə saat 19:00 ilə 21:00 arasında orta hesabla batareyalar Çilidə elektrik enerjisi tələbatının 10 faizdən çoxunu, Bolqarıstanda isə 24 faizini ödəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: