NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MAKROİQTİSADİ İNKİŞAFINDA YENİ MƏRHƏLƏNİN BAŞLANĞICI

A- A A+

Müzəffər Ali Baş Komandanın və birinci xanımın ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasına növbəti tarixi səfərləri bütövlükdə, iqtisadi, sosial, mədəni və digər sferalar üçün olduqca mühüm layihələrlə yadda qaldı. Bu layihələr, muxtar respublikanın iqtisadiyyatı üçün istər istehsal, istərsə də xidmət sahələrinin hər biri üçün əhəmiyyətli başlanğıclar oldu. Təbii olaraq, avqustun 11-də Naxçıvan şəhərinin mərkəzində “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi, ümumilikdə, ölkənin milli iqtisadiyyatı üçün yeni keyfiyyət mərhələsinin başlanmasından ibarət olmaqdadır.

Ümumiyyətlə, istər iqtisadi inkişaf perspektivləri, istər bu sahədəki elmi araşdırmalar, istərsə də, yeni iqtisadi reallıqlar müstəvisində xidmətlərlə bağlı məsələlər son dərəcə aktual hesab olunur. Bu baxımdan da, mehmanxana xidmətləri ölkənin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının şaxələndirilməsi və xidmət bölməsinin uzunmüddətli perspektivliliyi baxımından zəruri əhəmiyyətə malik olur. Makroiqtisadi inkişafın çoxşaxəliliyi baxımından da yanaşdıqda, aydın olur ki, mehmanxana təsərrüfatı yalnız turistlərin yerləşdirilməsini təmin edən sfera olmayıb, eyni zamanda, nəqliyyat, ictimai iaşə, ticarət, kənd təsərrüfatı, turizm müəssisələri, mədəniyyət və əyləncə xidmətləri ilə qarşılıqlı əlaqədə olan kompleks iqtisadi proseslərin toplusu olaraq da, əhəmiyyətlidir. Bildirmək olar ki, Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üçün sosial-iqtisadi inkişaf Dövlət proqramının 4.1.5. Prioritet 5. Turizmin inkişafı sahəsində turizmin inkişafının prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi də bu sahənin iqtisadi əhəmiyyətini artırır.

Bir qayda olaraq, mehmanxana xidmətlərinin perspektivliliyinin təmin olunması muxtar respublika iqtisadiyyatına bir çox sahələr üzrə hərəkətverici təsirə malik olmaqdadır ki, bunlardan birincisi də, təsiri turist axınının təmin olunması ilə xarakterik ola bilər. Nəzərə alsaq ki, muxtar respublikanın qədim tarixi, xüsusilə də, Möminə Xatun türbəsi, Əlincə qalası, Duzdağ, Batabat, Ordubadın tarixi-mədəni irsi və bir çox turizm ehtiyatları bölgə üçün zəruri cəlbedicilik ortaya qoymaqdadır. Məhz bu mənada da, turistlərin bura gəlməsi ilə birlikdə, onların Naxçıvan Muxtar Respublikasında daha uzun müddət ərzində qalması da olduqca əhəmiyyətlidir. Bu baxımdan da, modern, konfortlu və rəqabətli qiymət kateqoriyalarında fəaliyyətdə olan mehmanxanaların sayının və xidmət keyfiyyətinin artırılması turistlərin qalma müddətininin artırılması və nəticə etibarı ilə də, onların ərazidə daha çox pul xərcləmələrinə zəmin yaradan amillər kimi əhəmiyyətlidir.

Təbii olaraq, bəhs olunan amillər muxtar respublikanın yerli iqtisadi dövriyyəsinin şaxələnməsinə səbəb olur. Həmçinin, bu, turistlərin muxtar respublika ərazisinə gəlməsi və burada hərəkəti ilə daha da koordinasiyalı qaydada olmaqla, təşəkkül tapır. Belə ki, turist mehmanxanada qaldığı müddətlər ərzində yerləşmə xidmətindən yararlanmaqla yanaşı, eyni zamanda, restoran və kafelərdə qidalanır, nəqliyyata ehtiyac duyur, hədiyyəlik məhsullara maraq göstərir, tarixi-mədəni obyektlərə gəzintilər edir və olduqca fərqli xidmətlərdən istifadə edir. Bununla da, mehmanxanada qalmış olan turist məsrəfləri başqa iqtisadi fəaliyyət sahələrinə də paylanmış olur. Buna görə də, mehmanxana bölməsi muxtar respublikada turizm gəlirliliyinin təşəkkülünə və xidmətlər bölməsində əlavə gəlirlərin qərarlaşmış olmasına əsaslı zəmin yarada bilər.

Mehmanxana xidmətlərinin göstərilməsi, həmçinin sosial dayanıqlılıq mexanizmlərinə görə də, olduqca əhəmiyyətli olmaqdadır. Bu sahədə, digər zəruri nəticələrdən birini də məşğulluq amilləri təşkil etməkdədir. Məhz yeni mehmanxana da daxil olmaqla, yeni mehmanxanaların fəaliyyətinin təşkili məsələlərində administrator, resepsion, aşpaz, ofisiant, təmizlik, texniki xidmət, mühafizə, marketinq və menecment kimi idarəetmə strukturunun və ya yeni iş yerlərinin qərarlaşmasına səbəb olur. Həmçinin, mehmanxana bölməsinin perspektivli olması, bütün tərəflərinə görə, turizm və xidmət bölmələrində ixtisaslı mütəxəssislərin hazırlanmasına olan tələbi daha da gücləndirmiş olur. Yeni iqtisadi dəyərlər zəncirinin yaranması üçün zəmin olan bu proseslər, dayanıqlı ixtisaslaşma mühitinin də dayaqlarını yarada bilir. Buna görə də, turizm ixtisası üzrə tələbələrin hazırlanmış olması, nəticə etibarı ilə, mehmanxanalarda istehsalat təcrübəsinə cəlb olunması da bu sferada təcrübi kadr hazırlığının təşəkkülünə xidmət edir. Burada onun qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetində “Turizm işinin təşkili” ixtisasında Azərbaycan dilində kadr və mütəxəssis hazırlığı uğurla həyata keçirilirdi. 2026-2027-ci tədris ilindən başlayaraq isə həmin ixtisasda tədrisi ingilis dilində eyni proseslərə davam olunacaq. Qarşıdakı dövrlər üzrə Naxçıvan Muxtar Respublikasının bu sahədəki potensialı, etibarlı, cəlbedici və modern turizm infrastrukturunun yaradılmasına daha mühüm göstərici olacaq.

Səfər çərçivəsində mehmanxananın təməlinin qoyulması ilə yanaşı, eyni zamanda, onun həm də şəhər mərkəzində yerləşməsi bir çox üstünlüklər yaradacaq. Belə ki, bu amil, istər mehmanxananın özü, istərsə də, şəhərin turizm və xidmət iqtisadiyyatı üçün çoxistiqamətli perspektivlərinə görə əhəmiyyətlidir və makroiqtisadi inkişafda mühüm nəticələrinə görə seçilmiş olacaq.

Hər şeydən əvvəl, bu, turistlərin özləri üçün əlçatanlığın artırılmasına zəmin olacaq. Beləki, bu amil, turizm məqsədləri üçün olduqca səmərəli hesab oluna bilər. Çünki, şəhər mərkəzində yerləşən mehmanxana zəruri turizm, mədəniyyət və tarixi məkanlarına daha yaxın olmasına görə seçilir və turistlər üçün olduqca səmərəlidir. Bu sahədəki tədqiqatlardan da aydın olur ki, mehmanxana seçimində şəhər mərkəzinə, turizm obyektlərinə və nəqliyyat imkanlarına yaxın olmağın zəruri amil olduğu əhəmiyyətli hesab olunur.

Belə bir vəziyyət, eyni zamanda, turist məqsədləri üçün səyahət xərclərinə də çox təsirli olur. Yəni ki, nəqliyyat məsrəflərinin və zaman itkisi minimum olması ilə müşayiət olunur. Belə ki, qonaqlar yeməkxanalara, marketlərə, dövlət strukturlarına, muzeylərə və digər obyektlərə olduqca qısa zamanda və məsafədə çata bilirlər. Belə bir üstünlük, xüsusilə, Naxçıvan Muxtar Respublikasına qısa dövrlü səfər edən turistlər və işgüzar məqsədli səfərlər üçün faydalı hesab olunur. Bu, bütövlükdə, iqtisadi qanunauyğunluq olmaqla, daha da çox qənaət məqsədi daşıyır ki, turistlərin özü üçün də həm vaxt itkisinin qarşısının alınması, həm, xərclərə qənaət olunması, həm də, səyahətin səmərəliliyi baxımından olduqca aktualdır. Amma bütün hallarda, turistlərin qəbul olunduğu şəhər baxımından onların şəhər mərkəzində qalması, şəhərdə daha çox pul xərcləmələrinə zəmin ola bilər. Mehmanxananın ətrafında restoran, kafe, mağaza, suvenir dükanı və digər xidmətlərin yerləşməsi turistlərin həmin obyektlərdən yararlanması işlərini daha da asan edir. Bununla da, Naxçıvan şəhərində mehmanxananın fəaliyyətinin təmin olunması, həm də digər yerli sahibkarlıq subyektlərinə də gəlir gətirəcəkdir. Bu sahədə, əlaqəlilik, fasiləsizlik və keyfiyyətlilik gətirmiş olacaqdır.

Mehmanxananın şəhər mərkəzində inşa olunması, həm də, turizmin işgüzar məqsədlər üçün də qərarlaşmış olmasına əlverişlilik gətirir. Belə ki, şəhər mərkəzində inşa olunan mehmanxana, biznes mərkəzlərinə, inzibati strukturlara, konfrans, tədbirlər və görüş yerlərinə daha yaxın olur. Bu baxımdan da, biznes səyahətləri üçün belə müəssisələrin müəyyən olunması daha faydalı ola bilər. Təbii olaraq, bu isə həm nümayəndə heyətlərində təmsil olunanlar, həm də, biznes səyahətlərinin nəticələri kimi, yeni layihələrin reallaşmasına və təbii ki, iqtisadi səmərəliliyinə görə məhsuldar və perspektivli olacaq.

Mehmanxananın doluluq göstəricilərinin daha da artan dinamikada təşəkkülünə səbəb olacaq. Mərkəzi yerləşmə mehmanxananın potensial müştərilər üçün təqdimatını və təminatlılığını gücləndirir. Mehmanxananın iqtisadi səmərəliliyinə xas olan araşdırmalarda da potensial müştəri bazarına yaxınlığın tələbin və səmərəlilik göstəricilərinin yüksəlməsinə dəstək olduğu qeyd olunur. Bütün bunlar isə, təbii olaraq, Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin daha da artmasına olduqca pozitiv təsir edə bilər. Məhz mərkəzdə müasir mehmanxananın olması şəhərin turistlər üçün daha rahat və turizmə hazır məkan kimi qəbul olunmasına dəstək olur.

Beləliklə, Naxçıvan şəhərinin mərkəzində “Naxçıvan” Mehmanxana Kompleksinin inşa olunması, tarixiliklə müasirliyin vəhdətini formalaşdıran olduqca mühüm amil olacaq. Eyni zamanda, Milli Prirotetlər müstəvisində muxtar respublikanın iqtisadi inkişafının ölkənin milli iqtisadiyyatına daha dolğun əsaslarla inteqrasiya olunması proseslərində növbəti mərhələ kimi əhəmiyyətlidir. Bu həm də, milli iqtisadiyyat üçün davamlı islahatların mahiyyətinə yeni dəyərlər gətirmiş olacaq.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: