“Bitcoin”in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib.
NUHÇIXAN xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyuta cəmi bir neçə ticarət günündə isə 60 min dollar səviyyəsindən 79 min dolları ötüb. Hazırda qiymət 77 min 215 dollar ətrafındadır.
Ekspertlərin fikrincə, “Bitcoin”in qiyməti Birləşmiş Ştatlar Prezidenti Donald Trampın kriptovalyutalarla bağlı son açıqlamaları və ABŞ Maliyyə Nazirliyinin uzunmüddətli istiqraz geri alma əməliyyatlarının həcmini artırmaq qərarı fonunda yüksəlişini sürətləndirib.
Belə ki, bazarın diqqəti ABŞ-dən gələn mesajlara yönəlib. ABŞ-də yeni qanun layihəsi kriptovalyutaların qiymətli kağızlar və ya əmtəə kimi təsnif edilib-edilmədiyini və hansı tənzimləyici orqanın səlahiyyətli olacağını aydınlaşdırmağı hədəfləyir. Prezident Tramp ABŞ-nin rəqəmsal aktivlər sahəsində Çin və digər ölkələrdən öndə qalmalı olduğunu bildirib. O, həmçinin kriptovalyuta bazarına daha güclü dövlət dəstəyinin olduğunu deyərək ABŞ hökumətinin əhəmiyyətli miqdarda “Bitcoin” almağı düşündüyünü açıqlayıb.
Bu açıqlamalar investorlar tərəfindən “Bitcoin”ə uzunmüddətli tələbatı artıra biləcək bir inkişaf kimi dəyərləndirilib.
