İşğaldan azad olunmuş ərazilərdəki müəssisələr 17,4 milyon manatlıq vergi və gömrük rüsumlarından azadolma əldə edib
İşğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması, istehsal fəaliyyətinin təşviqi və sahibkarlığın inkişafı məqsədilə bu ərazilərin rezidentləri üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir.
İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il yanvarın 1-dək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddır.
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti quran müəssisələr (sənaye parkları da daxil olmaqla) idxal olunan texnika, texnoloji avadanlıqlara, eləcə də xammallara görə indiyədək 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.
Tətbiq olunan bu və digər güzəşt və dəstək mexanizmləri çərçivəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və sair sənaye məmulatlarının istehsalı fəaliyyəti həyata keçirilir.
Qeyd edək ki, bu güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki və elektron formada İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Müvafiq fəaliyyət sahələri üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilib.
