Bank sektorunda sistem əhəmiyyətli bankların qiymətləndirilməsi zamanı istifadə olunan bəzi indikatorlar üzrə cari yanaşmanın təkmilləşdirilməsi və tətbiqi prosesinin optimallaşdırılması məqsədilə “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nda və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilib.
NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, dəyişikliklər sistem əhəmiyyətli bankların qiymətləndirilməsi zamanı meyarlarda istifadə olunan bəzi indikatorlar üzrə hesablama yanaşmalarının təkmilləşdirilməsi, bu meyarların “Azərbaycan Respublikası Mərkəzi Bankının banklara riskəsaslı nəzarət üzrə Təlimatı”na əsasən banklara nəzarət tsikli ilə əlaqələndirilməsi, habelə sistem əhəmiyyətlilik kapital buferində artım və ya azalma baş verdiyi hallarda həmin dəyişikliklərin qüvvəyə minmə müddəti ilə bağlı yeni yanaşmanın müəyyən edilməsi ilə əlaqədar olub.
Bu baxımdan, bir sıra Avropa ölkələrinin təcrübələri və digər beynəlxalq yanaşmalar nəzərə alınmaqla meyarlara dəyişikliklər hazırlanıb. Belə ki, meyarlardakı dəyişikliyə əsasən “Maliyyə institutlarında yerləşdirilən aktivlər” indikatorunun yekun əhatə dairəsi daha da dəqiqləşdirilərək bankların tənzimləyici qurumda yerləşdirdiyi aktivlərin nəzərə alınmaması, eləcə də “Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar” indikatoru üzrə hesablamalar aparılarkən AZİPS sistemi üzrə bankların yalnız müştəri köçürmələri və banklararası ödəniş əməliyyatlarının nəzərə alınması müəyyən edilib. Dəyişikliyə əsasən, sistem əhəmiyyətli bankların siyahısı hər il sentyabrın 1-nə qədər Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.
Bundan başqa, Mərkəzi Bankın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda etdiyi dəyişikliklə, bundan sonra sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticəsində bank sistem əhəmiyyətli bankların siyahısına daxil edildikdə və ya sistem əhəmiyyətli bankın daxil olduğu qrup artırıldıqda, “sistem əhəmiyyətli bank kapital buferi” üzrə yeni artırılmış tələb sistem əhəmiyyətli bankların siyahısının təsdiq edildiyi ildən sonrakı ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Eləcə də sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticələrinə əsasən bankın sistem əhəmiyyətli bankların siyahısından çıxarılması və ya aid edildiyi sistem əhəmiyyətlilik qrupunun aşağı salınması yalnız ardıcıl 2 il üzrə aparılmış hesablamalar nəticəsində təsdiq edildiyi halda, “sistem əhəmiyyətli bank kapital buferi” üzrə azaldılmış tələb sistem əhəmiyyətli bankların siyahısının təsdiq edildiyi andan dərhal sonra qüvvəyə minəcək.
Nəticə etibarilə qaydalara edilmiş dəyişiklik sistem əhəmiyyətli bankların qiymətləndirilməsi zamanı daha effektiv yanaşmaların tətbiqinə və qiymətləndirmə prosesinin təkmilləşdirilməsinə xidmət edəcək.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:
