Aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsul subsidiyaları tətbiq ediləcək.
NUHÇIXAN xəbər verir ki, emal müəssisəsinə təhvil verilən texniki üzümə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton və taxta qabıqlı badama 30 manat/ton subsidiya müəyyən olunub.
Efir yağı istehsalı üçün təhvil verilən qızılgül üzrə subsidiya 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton təşkil edəcək.
Ərzaqlıq buğda proqramı davam etməklə birlikdə buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödənilcək. Naxçıvan Muxtar Respublikası üzrə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası ödəniləcək.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
