Yerli toxumçuluğun inkişafı məqsədilə super-elit toxum istehsal edən toxumçu fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək.
NUHÇIXAN xəbər verir ki, yerli super-elit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat/hektar, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat/hektar artıq ödəniləcək.
Bunula yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq, 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
