Fermer və aqrar müəssisələrin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların alınması subsidiyalaşdırılacaq.
NUHÇIXAN xəbər verir ki, sertifikatın növündən asılı olaraq dəstək məbləği 7 min manatdan 36 min manatadək, sertifikatların aktiv saxlanılması üçün illik dəstək isə müvafiq məbləğin 10 faizi səviyyəsində müəyyən edilir.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
