bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

A- A A+

Bp “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrindəki tərəfdaşları adından Azərbaycanda bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədli sosial sərmayə layihəsinə başlayıb.

NUHÇIXAN xəbər verir ki, təşəbbüs bp və tərəfdaşlarının yerli bilik və bacarıqların gücləndirilməsinə və ölkədə uzunmüddətli potensialın inkişafına davamlı dəstəyinin bir hissəsidir.

Layihə bərpaolunan enerji və enerji səmərəliliyi üzrə yüksək peşəkar və tədris standartlarına uyğun müstəqil şəkildə təlim proqramları həyata keçirəcək yüksəkixtisaslı yerli təlimçilərin hazırlanması üçün nəzərdə tutulub.

Təşəbbüs çərçivəsində 20 nəfər yerli mütəxəssis “Təlimçinin Təlimi” proqramında iştirak etmək üçün seçilib. Proqram bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində təlimlər üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan və Berlində yerləşən Bərpa Olunan Enerji Akademiyası tərəfindən keçiriləcək.

Proqram təxminən 50 saatlıq sərbəst rejimli onlayn təlimdən və bunun ardınca keçiriləcək 8 yarımgünlük virtual sessiyadan ibarət olacaq. Texniki bilikləri müasir tədris metodları ilə birləşdirən bu proqram iştirakçılara həm müvafiq ixtisas sahələri üzrə biliklərini, həm də təlimçilik bacarıqlarını daha da artırmağa imkan verəcək. İştirakçılar qabaqcıl beynəlxalq təcrübədən yararlanmaqla və təlim yanaşmalarını yerli ehtiyaclara uyğunlaşdırmaqla yanaşı, təlim kurslarını müstəqil və səmərəli şəkildə tərtib etməyi, həyata keçirməyi və qiymətləndirməyi öyrənəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara “Təlimçinin Təlimi” sertifikatları təqdim olunacaq.

Layihənin yerli mütəxəssislərə öz bilik və təcrübələrini bölüşmək imkanı yaratmaqla, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində potensialın gücləndirilməsi üçün dayanıqlı zəmin formalaşdıracağı gözlənilir.

“Yerli potensialın gücləndirilməsi və bacarıqların inkişaf etdirilməsinə dəstək ölkədə sosial sərmayə fəaliyyətimizin prioritetlərindən biri olaraq qalmaqdadır. Azərbaycan öz enerji keçidi hədəflərinə doğru irəlilədikcə bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində biliklərin genişləndirilməsinə və ötürülməsinə töhfə verə biləcək ixtisaslı yerli mütəxəssislərə ehtiyac daha da artır. Bu layihədə məqsədimiz iştirakçıları qabaqcıl texniki və təlim bacarıqları ilə təchiz etməklə yanaşı, proqram başa çatdıqdan sonra belə dəyər yarada biləcək dayanıqlı yerli təlim potensialının formalaşmasına kömək etməkdir”,- deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Müddəti bir il olan bu layihənin dəyəri 83 min 663 manat (49 min dollar) təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: