“AzerGold” QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin “International Resources Holding” (IRH) şirkəti ilə əməkdaşlıq edəcək.
QSC-dən NUHÇIXAN-a bildirilib ki, əməkdaşlıq çərçivəsində Naxçıvan ərazisində, ilk növbədə, strateji əhəmiyyət daşıyan və iri miqyaslı kritik metal perspektivlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində birgə geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.
Bu məqsədlə “AzerGold” QSC və IRH-in törəmə şirkəti “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş” imzalanıb.
Sənəd 14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması mərasimi zamanı rəsmiləşdirilib. Sazişi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və IRH-in Baş icraçı direktoru Əli Rəşid Əl-Rəşdi imzalayıblar. Əməkdaşlıq çərçivəsində işlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə mövcud geoloji məlumatların təhlili, müasir geoloji kəşfiyyat və tədqiqat metodlarının tətbiqi, perspektivli sahələrin və potensial hədəflərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
İlkin axtarış-qiymətləndirmə işlərinin nəticələri müsbət olduğu təqdirdə, növbəti mərhələdə dəqiq kəşfiyyat aparılacaq, daha sonra isə birgə hasilat imkanları və bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, İRH şirkəti mədən aktivlərinin qiymətləndirilməsi və inkişafı sahəsində beynəlxalq təcrübəyə sahibdir və hazırda bu istiqamətlər üzrə Afrika, Cənubi Asiya və Yaxın Şərq regionlarında fəaliyyət göstərir. Şirkətin texniki və investisiya imkanlarının “AzerGold”un təcrübəsi ilə birləşdirilməsi Naxçıvanın mineral-xammal potensialının müasir beynəlxalq yanaşmalar əsasında daha dərindən öyrənilməsi üçün əlavə imkanlar yaradacaq.
“AzerGold” və IRH arasında əməkdaşlığın perspektivli nəticələrinin Muxtar Respublikada yeni investisiya imkanlarının formalaşmasına, mədən sənayesində əlavə dəyərin və məşğulluğun artmasına, regionun iqtisadi fəallığının genişlənməsinə və Azərbaycanın qeyri-neft sektorunun inkişafına əlavə töhfələr verməsi nəzərdə tutulur.
