Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

A- A A+

Rumıniyanın “Bugetul.ro” xəbər portalı ölkənin təbii qaz ehtiyatları, qarşıdan gələn qış mövsümünə hazırlıq və enerji qiymətlərinin dəyişməsi ilə bağlı geniş məqalə dərc edib.

NUHÇIXAN xəbər verir ki, Elena Neakşunun müəllifliyi ilə yayımlanan “Rumıniyanın qaz ehtiyatları: nə qədər qaz qalıb və 2026-cı ilin qışında qiymətlərlə bağlı vəziyyət necə olacaq?” sərlövhəli məqalədə Azərbaycanın Rumıniyanın təbii qazla təchizatında iştirakına da diqqət yetirilib. Nəşr Azərbaycanı Rumıniyanın qaz idxal etdiyi ölkələr sırasında göstərərək, enerji təchizatının şaxələndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nəşr enerji mütəxəssislərinin qiymətləndirmələrinə istinadla xəbərdarlıq edir ki, qarşıdakı qışın sərt keçməsi təbii qaz ehtiyatlarının daha sürətlə azalmasına səbəb ola bilər. Belə şəraitdə Rumıniyanın əlavə idxala ehtiyacı arta və beynəlxalq bazarlarda yüksək qiymətlərlə qaz almaq zərurəti yarana bilər.

“Bugetul.ro” yazır ki, Rumıniya istehlak etdiyi təbii qazın təxminən 70 faizini daxili hasilat hesabına təmin edir, qalan hissəsini isə xarici bazarlardan alır.

Nəşr idxal mənbələri sırasında Azərbaycanı da qeyd edir. Məqalədə Azərbaycanın təbii qazının BRUA qaz nəqli infrastrukturu vasitəsilə Rumıniyanın enerji təchizatında iştirakından bəhs olunur. Bununla yanaşı, Rusiya qazının vasitəçilər üzərindən idxal edildiyi də bildirilir.

Rumıniya nəşri hesab edir ki, beynəlxalq qaz nəqli marşrutlarında mümkün fasilələr ölkənin enerji ehtiyatlarına əlavə təzyiq göstərə bilər. Ukraynada davam edən müharibə və Yaxın Şərqdəki gərginlik isə beynəlxalq enerji bazarlarında qeyri-müəyyənliyi artıran əsas amillər sırasında göstərilir.

Məqalədə vurğulanır ki, enerji təchizatının şaxələndirilməsi və alternativ mənbələrdən istifadə Rumıniya üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan xarici qaz təchizatçılarının, o cümlədən Azərbaycanın ölkənin enerji təhlükəsizliyindəki rolu diqqət mərkəzindədir.

“Bugetul.ro”nun məqaləsində Azərbaycanın Rumıniyanın qaz təchizatında iştirakının qeyd olunması iki ölkə arasında enerji əməkdaşlığının regional əhəmiyyətini bir daha gündəmə gətirir. Rumıniyanın qış mövsümünə hazırlığı fonunda enerji mənbələrinin şaxələndirilməsi və təchizatın davamlılığının təmin edilməsi ölkənin əsas prioritetləri sırasında göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: