O yol bizim yolumuzdur!

A- A A+

Bəzi yollar var ki, onların başlanğıcı xəritədə, sonu isə tarixdə görünür. Elə yollar var ki, illərin həsrətini, ayrılığın ağrısını və gələcəyə olan inamı özü ilə daşıyır.

Zəngəzur yolu da belə yollardandır.

Bu yol bizim üçün sadəcə nəqliyyat layihəsi deyil. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək, illərdir ayrı düşmüş coğrafiyaları yenidən bir-birinə bağlayacaq mühüm bir bağlantıdır.

Mən Naxçıvanda yaşasam da, əslən Naxçıvanlı deyiləm, bakılıyam. Amma bu torpaqda yaşayan bir vətəndaş kimi Naxçıvanın Azərbaycanla, paytaxt Bakı ilə daha sıx və rahat əlaqəyə qovuşacağı xəbəri məni sevindirir. Çünki artıq Bakı ilə Naxçıvan arasındakı əlaqələr yalnız hava yolu ilə məhdudlaşmayacaq. Yeni reallıqlar fonunda gediş-gəliş asanlaşacaq, insanlar və ailələr üçün daha rahat imkanlar yaranacaq, biznes və iqtisadi əlaqələr genişlənəcək.

Bu yol, eyni zamanda, Azərbaycanın daha böyük nəqliyyat və ticarət şəbəkəsindəki mövqeyini möhkəmləndirəcək strateji istiqamətdir.

Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Lakin illərdir bu qədim diyarın ölkənin əsas hissəsi ilə quru əlaqəsi yoxdur. Bu əlaqənin bərpası yalnız iqtisadi və nəqliyyat məsələsi deyil, həm də milli əhəmiyyət daşıyan mühüm hədəfdir.

Bu baxımdan Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılması Naxçıvanın gələcəyi üçün yeni səhifənin açılması deməkdir.

Bu gün həmin səhifə artıq yalnız planlardan ibarət deyil.

Azərbaycanın müxtəlif ərazilərində yol və dəmir yolu layihələri həyata keçirilir. Horadiz–Ağbənd istiqamətində avtomobil və dəmir yollarının inşası davam etdirilir. Prezident İlham Əliyev Naxçıvana son səfəri zamanı avtomobil yolunun tamamlanmaq üzrə olduğunu, dəmir yolu layihəsində isə işlərin davam etdiyini bildirib. Naxçıvanın dəmir yolu infrastrukturunun yenilənməsi də bu böyük prosesin mühüm hissəsidir.

Bu yolun hər kilometri Azərbaycanın gələcəyə hesablanmış nəqliyyat siyasətinin bir parçasıdır.

Azərbaycan son illərdə özünü regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevirmək məqsədilə böyük layihələr həyata keçirib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Limanı, Ələt ərazisində yaradılan logistika imkanları, işğaldan azad edilmiş ərazilərdə inşa olunan yeni avtomobil və dəmir yolları bu strategiyanın ayrı-ayrı istiqamətləridir.

Zəngəzur istiqaməti isə həmin böyük yol xəritəsinin Naxçıvana açılan qapısıdır.

Bu qapının açılması Naxçıvana yalnız rahat gediş-gəliş gətirməyəcək. Naxçıvanın tranzit imkanları genişlənəcək, yükdaşımaların artması üçün yeni şərait yaranacaq, logistika və xidmət sahələrinin inkişafı üçün əlavə imkanlar açılacaq.

Bu gün Naxçıvanın nəqliyyat potensialından danışarkən qarşıdakı hədəflərin miqyası xüsusilə diqqət çəkir. Prezident İlham Əliyevin açıqlamalarına əsasən, Zəngəzur istiqamətində perspektiv yükdaşıma imkanlarının illik ən azı 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu rəqəm Naxçıvanın gələcəkdə regional nəqliyyat sistemində oynaya biləcəyi rolun miqyasını göstərir.

Amma bu yolun hekayəsi Naxçıvanda bitmir.

Onun bir ucu Mərkəzi Asiyaya, digər ucu isə Avropaya uzanan böyük nəqliyyat xəritəsinə bağlanır.

Bu gün Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya uzanan Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Xəzər dənizi üzərindən Azərbaycan ərazisinə daxil olan yüklər buradan Gürcüstan, Türkiyə və Avropa istiqamətində hərəkət edə bilir. Azərbaycanın bu marşrut üzərində yerləşməsi ölkəyə mühüm tranzit imkanları yaradır.

Rəsmi məlumatlara görə, son üç ildə Orta Dəhliz vasitəsilə Azərbaycanın ərazisindən daşınan yüklərin həcmi 90 faiz artıb. Ələt Beynəlxalq Limanının yükaşırma qabiliyyətinin gələcəkdə 25 milyon tona çatdırılması da bu nəqliyyat strategiyasının miqyasını göstərir.

Belə bir xəritədə Zəngəzur istiqaməti Azərbaycanın nəqliyyat imkanlarını daha da genişləndirə bilər. Mərkəzi Asiyanın zəngin resursları və məhsulları Azərbaycan üzərindən Avropa bazarlarına, digər istiqamətdə isə Naxçıvan və İran vasitəsilə cənub bazarlarına çıxa bilər.

Bu, Azərbaycanın coğrafi mövqeyinin yaratdığı üstünlüklərin real iqtisadi imkanlara çevrilməsi deməkdir.

Amma bizim üçün bu yolun ən böyük mənası rəqəmlərlə ölçülmür.

Bu yolun bir tərəfində Şərqi Zəngəzur dayanır. İllərlə həsrətini çəkdiyimiz Qarabağ torpaqları...

Digər tərəfində isə Naxçıvan var — Azərbaycanın ayrılmaz parçası, qədim və əzəli torpağı.

İllərlə həsrətində olduğumuz torpaqların azadlığı uğrunda mübarizənin yaratdığı yeni reallıq bu gün qarşımızda yeni imkanlar açır.

Və indi həmin iki coğrafiyanın arasında yeni bir yol salınır.

Bu yol həm də Azərbaycanın öz əraziləri arasında bağlantıları daha da möhkəmləndirmək iradəsinin ifadəsidir.

Bu gün yol çəkilir.

Sabah isə həmin yolun üzərindən təkcə yük qatarları və avtomobillər hərəkət etməyəcək. Buradan yeni ticarət əlaqələri, yeni iqtisadi imkanlar və yeni əməkdaşlıqlar keçəcək. Naxçıvanın iqtisadi həyatına yeni nəfəs gələcək, Azərbaycan isə Şərqlə Qərbi birləşdirən nəqliyyat xəritəsində mövqeyini daha da gücləndirəcək.

Bir vaxtlar ayrılığın simvoluna çevrilmiş coğrafiyalar indi əlaqələrin ünvanına çevrilə bilər.

Ona görə də Zəngəzur yolu haqqında danışarkən yalnız kilometrlərdən, tunellərdən, körpülərdən və dəmir yollarından danışmaq kifayət deyil.

Burada söhbət bir xalqın iradəsindən, bir dövlətin quruculuq gücündən və gələcəyə baxışından gedir.

Bu yol bizi tarixə, sabaha və böyük hədəflərə aparacaq.

Çünki o yol bizim yolumuzdur.

Bizim yolumuz olub.

 

Altunay İsgəndərli

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: