Naxçıvan Azərbaycanda bütün elektrik enerjisini yaşıl mənbələrdən alacaq ikinci region olacaq.
NUHÇIXAN xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Naxçıvanın bütövlükdə bütün elektrik enerjisinin tam olaraq "yaşıl mənbələr"dən əldə edəcəyini görəcəyimiz günlər çox uzaqda deyil. Bu, çox gözəl göstəricidir. Azərbaycanda Şərqi Zəngəzur və Qarabağdan sonra Naxçıvan ikinci regionumuz olacaq ki, oradakı bütün elektrik enerjisi "yaşıl mənbələr"dən gələcək. Hətta Naxçıvanda istehsal edilən"yaşıl enerji"nin yerdə qalan hissəsi ya Azərbaycanın digər bölgələrinə transfer ediləcək, ya da ixrac olunacaq. Bu məqam "yaşıl dəhlizlər"lə bağlı bizim investorlarla görüşümüz üçün də fürsət yaradıb", - o qeyd edib.
Nazir müavini xatırladıb ki, Azərbaycan hazırda 4 yaşıl enerji dəhlizi üzərində işləyir: "Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Naxçıvan–Türkiyə və Bolqarıstan, Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa və Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirəcək yaşıl enerji dəhlizi. Bunlar bütöv olaraq düşünülməlidir. Çünki çox keçmədən bütün Azərbaycanda istehsal olunacaq "yaşıl elektrik enerjisi" sadəcə ölkəmizin tələbatını qarşılamayacaq, həm də digər ölkələrə "yaşıl enerji" ixracına fürsət yaradacaq".
