Özbəkistan 2030-cu ilədək insan kapitalının inkişafı, kapital bazarlarının genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın gücləndirilməsini əsas prioritetlər kimi müəyyənləşdirib.
NUHÇIXAN xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.
Nazir bildirib ki, Özbəkistanın 2030-cu ilədək inkişaf strategiyasının əsas prinsipi “İnsan ləyaqəti hər şeydən üstündür” yanaşmasıdır. Onun sözlərinə görə, 40 milyonluq əhali və yüksək demoqrafik artım sosial infrastruktur və insan kapitalına böyük investisiyaları zəruri edir.
L.Kudratov qeyd edib ki, ölkədə kapital bazarlarının inkişafı və xarici investisiyaların cəlbi istiqamətində də addımlar atılır. Bu çərçivədə Milli İnvestisiya Fondu yaradılıb, Daşkənd Beynəlxalq Maliyyə Mərkəzinin formalaşdırılması üçün qanun qəbul edilib.
Nazir rəqəmsal inkişaf və süni intellekt texnologiyalarının da strategiyanın əsas istiqamətlərindən olduğunu vurğulayıb. Bildirib ki, ötən il Özbəkistanın İT xidmətləri ixracı 1 milyard dollar təşkil edib və bunun təxminən 60 faizi Şimali Amerika bazarının payına düşüb.
“2030-cu ilədək İT ixracının həcmini 5 milyard dollara çatdırmağı hədəfləyirik”, – deyə L.Kudratov əlavə edib.
