Azərbaycan Mərkəzi Asiyadan Avropaya uzanan vahid yaşıl enerji bağlantıları şəbəkəsinin yaradılmasını hədəfləyir
Energetika naziri Pərviz Şahbazov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda çıxış edib.
NUHÇIXAN xəbər verir ki, nazir müasir geosiyasi və geoiqtisadi reallıqlarda enerji bağlantılarının strateji əhəmiyyətinin artdığını, elektrik şəbəkələrinin, enerji saxlanc sistemlərinin və yaşıl enerji dəhlizlərinin XXI əsrin yeni enerji xəritəsini formalaşdırdığını bildirib. Qeyd edib ki, rəqəmsallaşma və elektrikləşmə fonunda enerji tələbatının artması, bərpa olunan enerjinin şəbəkələrə inteqrasiyası və enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti ölkələrarası elektrik enerjisi bağlantılarının inkişafını strateji prioritetə çevirir.
Bildirilib ki, Prezident İlham Əliyevin enerji təhlükəsizliyini, yaşıl inkişafı və sülh gündəliyini regional bağlantılarla uzlaşdıran strateji baxışı Azərbaycanın Avrasiyanın mühüm enerji, nəqliyyat və əməkdaşlıq mərkəzlərindən biri kimi mövqeyini gücləndirir. Bu istiqamətdə əsas prioritetlərdən biri Azərbaycanın, o cümlədən Naxçıvanın və Xəzər dənizinin, eləcə də Mərkəzi Asiyanın zəngin yaşıl enerji potensialını Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirəcək şaxələndirilmiş enerji dəhlizlərinin yaradılmasıdır.
Nazir ümumi ötürmə gücü 4 QVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqlədiyini bildirib. Qeyd edilib ki, yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və 2040-cı ildə tam gücü ilə fəaliyyətə başlaması hədəflənir. Azərbaycanı Macarıstanla birləşdirən dəhlizin vahid layihə kimi Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) Onillik Şəbəkə İnkişaf Planının layihəsinə daxil edildiyi, yaxın günlərdə isə Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihə (PMI) statusunun alınması üçün müraciət olunacağı diqqətə çatdırılıb. Layihənin reallaşdırılması üçün Avropa İttifaqının müvafiq mexanizmləri çərçivəsində qrantların və güzəştli maliyyələşmənin cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Bildirilib ki, layihə enerji sistemləri ilə yanaşı, iqtisadiyyatları və investisiya imkanlarını birləşdirərək regionlararası əməkdaşlığın genişlənməsinə, Avropanın enerji təchizatının şaxələndirilməsinə və təmiz enerji keçidinə töhfə verəcək.
Çıxışda digər regional enerji bağlantıları layihələrinin icra vəziyyəti barədə də məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin mayında yekunlaşdırılmasının, dəhlizin isə 2032-ci ildən istismara verilməsinin nəzərdə tutulduğu bildirilib. “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə Hökumətlərarası Sazişin COP31 çərçivəsində imzalanmasının planlaşdırıldığı qeyd edilib.
Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik enerjisi bağlantısının inkişafının xüsusi strateji əhəmiyyət daşıdığı vurğulanıb. Nazir Azərbaycanın əsas hədəfinin ayrı-ayrı enerji dəhlizlərini qarşılıqlı əlaqələndirərək Mərkəzi Asiyadan Avropaya qədər uzanan vahid və şaxələndirilmiş yaşıl enerji bağlantıları şəbəkəsi formalaşdırmaq olduğunu deyib. İnvestorlar formalaşmaqda olan yaşıl enerji bazarının imkanlarından birgə faydalanmağa və bu layihələrin həyata keçirilməsində fəal iştiraka dəvət olunublar.
