Prezident İlham Əliyev Naxçıvan məhsullarına baxıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dünən Bakı Ekspo Mərkəzində keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində Naxçıvan məhsulları da ölkə başçısına təqdim olunub. Sərgiyə "Cahan Tabak" Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tütün, qəlyan və siqaret çeşidlərindən ibarət məhsullarını çıxarıb. Müəssisə tərəfindən sərgilənən məhsullar bir çox iştirakçı və qonağın marağına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov ölkə Prezidentinə tütünçülüyün bərpası, yetişdirilməsi, inkişaf etdirilməsi və yerli xammal kimi istehsal olunan məhsullar haqqında ətraflı məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın qəbulundan sonra tütünçülük, yerli siqaret istehsalı və ixrac kimi sahələrdə qısa zamanda lazımi tədbirlər həyata keçirilib.
Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında tütünçülüyün bərpası və inkişafı ilə bağlı qeyd edib ki, 26 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasında bərpa olunan tütünçülük ənənəsi bütün dünyada məşhur olan klassik "Oriental" və "Vircinia" tütün növlərinin yetişdirilməsi ilə davam etdirilir. Naxçıvanda yetişdirilən tütünlər fabrikimizdə istifadə olunmaqla yanaşı keyfiyyətinin üstün olmağı sayəsində Azərbaycanın ilk qəlyanı olan “Şah” markasında da istifadə edilir. Şirkət bu sektorda rəqabətədavamlı, beynəlxalq keyfiyyət standartlarına cavab verən məhsul istehsalını həyata keçirmək məqsədi ilə istər Azərbaycan, istərsə də xarici bazarlarda marketinq araşdırmaları edərək 5 növ-20 çeşiddə istehsal olunan məhsullarını 2017-2018-ci illərdə uğurla Azərbaycan bazarına çıxarıb və istehlakçılara öz zövqlərinə uyğun seçim imkanlarının artırılmasına şərait yaratıb.
Şirkət cari ilin aprel-may aylarında Qazaxıstan, Qırğızıstan və Səudiyyə Ərəbistanına ilk ixracını həyata keçirib.
Dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən sərgidə dövlətimizin başçısı Naxçıvanda tütünçülüyün sürətli inkişafını yüksək qiymətləndirib, müvafiq tövsiyyə və tapşırıqlarını verib.