Ötən il Azərbaycana daimi yaşamaq məqsədilə xarici ölkələrdən gələn 15-29 yaşlı gənclərin sayı 2024-cü illə müqayisədə 55 nəfər və ya 15,1 faiz artaraq 419 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” statistik məcmuəsinin növbəti buraxılışında məlumat verilib.
Hesabata əsasən, ötən il Azərbaycana daimi yaşamaq üçün gələn gənclərin 151-i kişi, 268-i qadın olub. Onlardan 241 nəfəri MDB ölkələrindən, 187 nəfəri isə digər xarici ölkələrdən gəlib. O cümlədən Azərbaycana Almaniyadan və ABŞ-dən hər birindən 2, Kanadadan 1, Türkiyədən 21, Gürcüstandan isə 142 gənc köçüb.
Ümumilikdə, Azərbaycana gələnlər arasında Rusiya və Gürcüstandan gələnlər üstünlük təşkil edib. Bu ölkələrdən gələn gənclərin 116-sı kişi, 215-i qadın olub.
Eyni zamanda, ötən il Azərbaycandan daimi yaşamaq üçün gedən eyni yaş qrupuna aid gənclərin sayı isə 2024-cü ilin analoji dövrü ilə müqayisədə 79 nəfər və ya 12,5 faiz azalaraq 554 nəfər təşkil edib. Onların 226-sı kişi, 407-si qadın olub.
Ötən il ölkəni tərk edən gənclərin 219-u MDB ölkələrinə, 335-i isə digər xarici ölkələrə üz tutub. Almaniyaya və ABŞ-yə hər birindən 2, Kanadaya 1, Türkiyəyə 21, Gürcüstana isə 142 gənc köçüb.
Gənclərin daimi yaşamaq üçün seçdiyi ölkələr sırasında Rusiya birinci, Türkiyə isə ikinci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkədən gedənlərin 152-si kişi, 178-i qadın olub.
