2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin (Böyük Qayıdış II planının layihəsi) 2027-2030-cu illərdə 13,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 24,1 faizdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.
Bildirilir ki, dövlət borcuna xidmətlə bağlı xərclər 2027-ci il üzrə 2 milyard 200 milyon manat məbləğində proqnozlaşdırılır. 2027-ci il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclərin 1 milyard 427,5 milyon manatını xarici dövlət borcu üzrə xərclər, o cümlədən, 1 milyard 63,5 milyon manatını əsas borc ödənişləri, 364 milyon manatını faiz xərcləri təşkil edir. 2027-ci ilin dövlət büdcəsində daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas, 635,3 milyon manat məbləğində isə faiz xərcləri proqnozlaşdırılır. Dövlət borcu üzrə proqnozlaşdırılan faiz xərclərinin cəmi 2027-ci il üçün 999,3 milyon manat məbləğində nəzərdə tutulub.
Funksional təsnifat üzrə 2027-ci ildə ümumi dövlət xidmətləri üzrə xərclərə 5 milyard 521,8 milyon manat (xüsusi çəkisi 13 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 816,4 milyon manat (xüsusi çəkisi 20,8 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 3 milyard 438,6 milyon manat (xüsusi çəkisi 8,1 faiz), təhsil xərclərinə 5 milyard 99 milyon manat (xüsusi çəkisi 12 faiz), səhiyyə xərclərinə 2 milyard 84,1 milyon manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 914 milyon manat (xüsusi çəkisi 11,6 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 643 milyon manat (xüsusi çəkisi 1,5 faiz), mənzil vəkommunal təsərrüfatı üzrə xərclərə 335,2 milyon manat (xüsusi çəkisi 0,8 faiz), kənd təsərrüfatı üzrə xərclərə 1 milyard 379,5 milyon manat (xüsusi çəkisi 3,3 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərə 438,6 milyon manat (xüsusi çəkisi 1 faiz), iqtisadi fəaliyyət xərclərinə 8 milyard 907,3 milyon manat (xüsusi çəkisi 21 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə isə 822,5 milyon manat (xüsusi çəkisi 2 faiz) və sait yönəldilməsi proqnozlaşdırılır.
Bununla yanaşı, 2027-ci illə müqayisədə ortamüddətli dövrün sonuna funksional təsnifatın ümumi dövlət xidmətləri (0,6 faiz bənd), səhiyyə (0,5 faiz bənd), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq (0,3 faiz bənd), sosial müdafiə və sosial təminat (0,1 faiz bənd) və kənd təsərrüfatı (0,1 faiz bənd) bölmələri üzrə xərclərin dövlət büdcəsindəki payının artacağı gözlənilir.
