Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib - FOTOLAR
Energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşüb.
Energetika Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, görüşdə Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siyasi, ticari-iqtisadi və enerji əlaqələrinin inkişafına yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb.
Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2025-ci ildə Hanoyda keçirilmiş üçüncü iclasında əldə olunan razılaşmaların icrası, enerji, ticarət, investisiya, nəqliyyat və digər sahələrdə birgə təşəbbüslərin irəlilədilməsi müzakirə edilib.
Enerji əməkdaşlığı ilə bağlı Azərbaycanın Vyetnamın neft-qaz sektorunda ənənəvi tərəfdaşlarından biri olduğu qeyd edilib. 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox xam neft tədarük edildiyi bildirilib. Azərbaycan xam neftinin Vyetnamın neft emalı müəssisələrinə tədarükünün davam etdirilməsi, SOCAR və “PetroVietnam” arasında əlaqələrin genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, neft emalı, neft-kimya və neft-servis xidmətləri sahələrində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) Vyetnama tədarükü perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bərpaolunan enerji sahəsində Vyetnamın “ROX Group” şirkəti ilə əməkdaşlığa xüsusi diqqət yetirilib. Naxçıvan Muxtar Respublikasında Günəş, Bakı ətrafında isə külək elektrik stansiyalarının yaradılması imkanları, imzalanmış Anlaşma Memorandumu əsasında layihələrin növbəti mərhələyə keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin ticari-iqtisadi əlaqələrin ölkələrin potensialına uyğun genişləndirilməsi, ticarətin şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib. Azərbaycanda Vyetnam investisiyalı yeddi şirkətin fəaliyyət göstərdiyi bildirilib. Qeyri-neft məhsulları üzrə ticarətin artırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsinin yekunlaşdırılması, eləcə də Azərbaycan-Vyetnam İşgüzar Şurasının növbəti iclasının təşkili məsələlərinə baxılıb.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişlənməsi müsbət qiymətləndirilib. Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımalarının 2025-ci ildə 200 faizdən çox, cari ilin yanvar-sentyabr aylarında isə təxminən 600 faiz artdığı diqqətə çatdırılıb. Söhbət zamanı enerji sektoru üçün kadr hazırlığı, ali təhsil müəssisələri arasında əməkdaşlıq və mütəxəssis mübadiləsi imkanlarına da toxunulub.