2028-ci ilədək Azərbaycanda 1850 meqavat bərpaolunan enerji gücünün yaradılması nəzərdə tutulur

A- A A+

2028-ci ilədək 1850 meqavat bərpaolunan enerji gücünün yaradılması nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevin “Xalq” qəzetində dərc olunan məqaləsində məlumat verilir.

O qeyd edib ki, mövcud stansiyalarla birlikdə Günəş və külək enerjisinin ümumi gücünün həmin dövrədək 2100–2150 meqavata çatacağı gözlənilir.

“Hazırda enerji sisteminə qoşulmuş bərpaolunan enerji gücü 720 meqavat təşkil edir. Bu hədəflər “yaşıl” enerjinin Azərbaycanın elektrik enerjisi balansında rolunun artacağını göstərir. Bununla belə, bərpaolunan enerji güclərinin genişləndirilməsi istehsalın dəyişkən xarakteri ilə əlaqədar texniki məsələlərin də qabaqcadan həllini tələb edir. Günəşli saatların sayı, küləyin sürəti və hava şəraitindəki dəyişikliklər istehsal həcminə birbaşa təsir etdiyindən bu mənbələrin ənənəvi generasiya obyektləri ilə uzlaşdırılması vacibdir. Burada rəqəmsallaşma, enerji saxlanc sistemləri və müasir ötürücü şəbəkə bir-birini tamamlayan üç əsas istiqamət kimi çıxış edir. Rəqəmsal proqnozlaşdırma istehsal həcmlərini əvvəlcədən müəyyənləşdirməyə, batareyalar enerji balansını qorumağa, gücləndirilmiş şəbəkə isə istehsal olunan enerjini istehlakçılara və ixrac istiqamətlərinə etibarlı çatdırmağa imkan verir”,- deyə o bildirib.

B.Rzayev vurğulayıb ki, “AzərEnerji” ASC-nin şəbəkəsində elektrik stansiyalarının ümumi qoyuluş gücü 9 395 meqavat təşkil edir: “2003-cü ildən indiyədək 5400 meqavat yeni generasiya gücü yaradılıb. Bunun 3000 meqavatı son 7 ildə tamamilə yeni tikilmiş elektrik stansiyalarının hesabına təmin olunub.

İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyasının istifadəyə verilməsi ölkənin generasiya potensialının genişləndirilməsinə mühüm töhfəsidir. Hazırda daha 8 yerdə su elektrik stansiyasının tikintisi davam etdirilir. Su elektrik stansiyalarının əhəmiyyəti yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Onlar yerli enerji resurslarından istifadə etməyə, regionların enerji təminatını gücləndirməyə və bərpaolunan enerji mənbələrinin ümumi istehsaldakı payını artırmağa imkan verir.

Gələcək mərhələdə bu ərazilərdə su elektrik enerjisinin istehsal imkanlarının rəqəmsal idarəetmə sistemləri ilə uzlaşdırılması, generasiya göstəricilərinin real vaxt rejimində izlənilməsi və şəbəkəyə ötürülən enerjinin səmərəli bölüşdürülməsi daha böyük əhəmiyyət kəsb edəcək. Son 7 ildə 51 yarımstansiya tikilərək yenidən qurulub, ötürücü sistemin 70 faizdən çoxu yenilənib və 2 600 kilometrədək yeni elektrik verilişi xətti çəkilib. Nəticədə, şəbəkənin ümumi uzunluğu 9 665 kilometrə, ötürmə qabiliyyəti isə 21 min 950 MVA-ya çatıb.

2018– 2025-ci illərdə elektrik enerjisinin istehsalına sərf olunan xüsusi yanacaq sərfi 284 qram kilovat-saatdan 232 qram kilovat-saata enib. Bu, 48,32 qram və ya təxminən, 17 faiz azalma deməkdir. Belə dinamika yanacaq resurslarından daha qənaətlə istifadə olunması, istehsal proseslərinin optimallaşdırılması və elektrik enerjisinin maya dəyərinə təsir edən amillərin yaxşılaşdırılması baxımından mühüm önəm daşıyır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr regionların bərpası, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və enerji infrastrukturunun formalaşdırılması ilə paralel inkişaf edir. Bu ərazilərdə ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyasının istifadəyə verilməsi ölkənin generasiya potensialının genişləndirilməsinə mühüm töhfəsidir. Hazırda daha 8 yerdə su elektrik stansiyasının tikintisi davam etdirilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: