Azərbaycanda vaxtı keçmiş borcların yığılması ilə məşğul olan ilk şirkətin (kollektor agentliyinin) yaradılmasından 15 il keçir - “BOA Agency” ASC 2011-ci ildə yerli banklardan birinin dəstəyi ilə yaradılıb.
NUHÇIXAN xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Hazırda isə bu bazarda təxminən 5 şirkət var. Onlar əsasən maliyyə qurumlarına məxsus problemli kreditlərlə bağlı xidmət göstərir və faktiki olaraq maliyyə bazarının aktiv iştirakçılarıdır. Bununla belə, ölkədə kollektorların fəaliyyətini tənzimləyən ayrıca qanun yoxdur və borc agentlikləri bir növ hüquq firması kimi işləyirlər. Onların kredit təşkilatlarının, o cümlədən bankların adından danışması, borcalanlara qarşı hansısa addımlar atması üçün hüquqi bazaya ehtiyac var. “Kollektor fəaliyyəti haqqında” qanun qəbul edilməli, bu cür şirkətlər də Azərbaycan Mərkəzi Bankının nəzarəti altında – lisenziya almaqla, müvafiq reyestrə düşməklə fəaliyyət göstərməlidirlər”, - deyə o qeyd edib.
