Neft emalı zavodlarında təxirə salınmış texniki xidmət işlərinin tamamlanması zərurəti səbəbindən emal olunmuş neft məhsullarının təklifindəki zəiflik 2027-ci ilədək davam edə bilər. Bu vəziyyət ixrac həcmlərinin azalmasına da səbəb ola bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.
Bankın analitiklərinin qiymətləndirməsinə görə, ABŞ-də təxirə salınmış işlərdən sonra qlobal miqyasda planlaşdırılan texniki xidmət işlərinin gündəlik həcmi illik müqayisədə 1,7 milyon barel azalıb. Asiyada, xüsusilə dizel yanacağı və aviasiya kerosininin əsas təchizatçıları olan Hindistan və Cənubi Koreyada texniki xidmət işlərinin həcminin artması 2027-ci ilin ikinci rübündə neft məhsullarının ixracının azalmasına gətirib çıxara bilər. Əsas ticarət mərkəzlərində yanacaq ehtiyatları aşağı səviyyədə qalır. Bu isə təklifdə baş verə biləcək əlavə fasilələrin təsirini yumşaltmaq üçün imkanları məhdudlaşdırır.
Analitiklərin fikrincə, Körfəzdən yanacaq ixracının bərpasının ləng getməsi də qiymətləri dəstəkləyən amillərdəndir. Gəmilər arasında həyata keçirilən yükləmə əməliyyatları isə xam neftin daşınma həcmlərinin qorunmasına töhfə verir.
Bununla belə, analitiklər qeyd edirlər ki, bu cür daşınma üsullarının neft məhsullarına tətbiqi daha çətindir. Buna səbəb həmin məhsulların daha yüksək alışma qabiliyyətinə malik olması və texniki xüsusiyyətlərinin müxtəlifliyidir. Bu amillər Körfəzdən kənarda gəmilər arasında yükləmə əməliyyatlarını daha mürəkkəb edir.
