Fatih Birol: Elektrik enerjisinə tələbat ümumi enerji tələbatından üç dəfə sürətlə artır

A- A A+

Dünyada enerjiyə tələbat sürətlə artsa da, elektrik enerjisinə tələbat ümumi enerji tələbatından üç dəfə daha çox artır. Bu tendensiya qlobal enerji sistemində yeni dövrün başlandığını göstərir.

NUHÇIXAN  xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

Fatih Birol elektrik enerjisinin qlobal enerji istehlakındakı payının 2035-ci ilədək 35 faizə çatdırılmasını nəzərdə tutan beynəlxalq öhdəliyin qəbul edilməsinin hədəfləndiyini bildirib. O, qlobal enerji sistemində elektrik enerjisinin rolunun artdığını qeyd edib: “Təxminən iki il əvvəl dünyanın elektrik enerjisi dövrünə daxil olduğunu söylədim. Elektrik enerjisi istehlakındakı artım süni intellekt, elektriklə işləyən avtomobillər və iqlimə nəzarət sistemləri hesabına yeni sürət qazanıb. Bu transformasiya hökumətlərin və enerji şirkətlərinin investisiya qərarlarını da yenidən formalaşdırmasını tələb edir. Qarşıdakı illərdə elektrik enerjisindən istifadənin daha sürətlə artacağı gözlənildiyindən ölkələr bu istiqamətdə müvafiq addımlar atmalıdırlar”.

“Hazırda elektrik enerjisinin dünya üzrə ümumi enerji istehlakındakı payı 23 faizdir. Bu göstəricini 2035-ci ildə 35 faizə çatdırmaq, yəni 23 faizdən 35 faizə yüksəltmək çox mühüm hədəfdir. Elektrikləşmə hədəfinin geniş beynəlxalq dəstək qazanan öhdəliyə çevrilməsi qlobal enerji sisteminin gələcəyinə dair aydın istiqamət müəyyənləşdirə bilər. Dünyada enerjinin gələcəyi elektrik enerjisindədir. Qlobal enerji sistemindəki transformasiyanın əsasını elektrik enerjisindən istifadənin genişlənməsi təşkil edir. Xüsusilə üç amil elektrik enerjisinə tələbatın artımını sürətləndirir. Birinci amil süni intellektdir. Süni intellekt tətbiqlərinin işləməsi üçün zəruri olan məlumat mərkəzləri böyük həcmdə elektrik enerjisi istehlak edir və bu, qlobal tələbatı əlavə olaraq artırır. İkinci mühüm amil elektrikli avtomobillərdir. Dünya üzrə elektrikli avtomobillərin satışı son illərdə sürətlə artır. Beş il əvvəl dünyada satılan avtomobillərin cəmi 5 faizi elektrikli idi. Bu il isə həmin göstərici 32 faizə çatıb. Bu da elektrik enerjisinə tələbatın artımına əlavə təkan verir. Üçüncü amil isə kondisionerlərdir. Qlobal temperaturun yüksəlməsi ilə iqlimə nəzarət sistemlərinə tələbat da artır və bu, elektrik istehlakını daha da sürətləndirir. Bu üç amil elektrik enerjisi dövrünün əsas hərəkətverici qüvvələrinə çevrilib. Artan tələbatın qarşılanması üçün enerji infrastrukturunun da bu dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməsi vacibdir”.

Fatih Birolun sözlərinə görə, elektrik enerjisinə tələbatın sürətlə artdığı bir vaxtda qlobal enerji sektorunun qarşısında duran əsas çətinlik elektrik enerjisi istehsalından daha çox, istehsal olunan enerjinin istehlakçılara çatdırılmasıdır: “Yeni elektrik stansiyalarının tikilməsi özlüyündə kifayət deyil. İstehsal gücünün artırılması güclü ötürücü və paylayıcı şəbəkələrlə dəstəklənməlidir. Bu sahədə qarşıda duran ən böyük sınaq, məncə, elektrik stansiyaları tikmək deyil. Biz dünya olaraq bunu bacarırıq. Əsas məsələ istehsal olunan enerjini şəbəkələr vasitəsilə evlərə və fabriklərə çatdırmaqdır. Hazırda dünyada elektrik şəbəkələri ilə bağlı problem var. Bu problemin aradan qaldırılması üçün geniş səfərbərlik həyata keçirilir. Mən bunu ən böyük sınaq hesab edirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: