Qızılın qiyməti 4500 dollara yüksələ bilər - Proqnoz

A- A A+

Satış dalğasından sonra qızılın qiymətinin bir troya unsiyası üçün təxminən 4500 dollara yüksələcəyi proqnozlaşdırılır.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Avropanın ən böyük aktiv idarəetmə şirkəti olan “Amundi Investment Institute” məlumat yayıb.

Bildirilir ki, qızılın qiymətində ən pis dövr artıq geridə qalıb. Bazar artıq qızıl üçün ən mənfi ssenarini qiymətlərdə nəzərə alıb. Ötən həftə müşahidə olunan ucuzlaşmadan sonra investorların mövqeləri zəifləyib. Bu amil qarşıdakı həftələrdə qızılın qiymətində bərpanın baş verməsi ehtimalını artırır.

İnvestorların digər aktivlər üzrə itkilərini kompensasiya etmək məqsədilə qızıl satması, eləcə də süni intellektlə əlaqəli investisiya əməliyyatlarında müşahidə olunan kütləvi mövqe bağlanmaları ötən həftə qiymətli metalın bir troya unsiyasının dəyərinin 4000 dollardan aşağı düşməsinə səbəb olub. Beləliklə, qızılın qiyməti iyulun ortalarından bəri ən aşağı səviyyəyə enib.

Sentyabr ayından etibarən təxminən 10 faiz ucuzlaşan qızılın qiyməti hazırda da bu həddə yaxın səviyyədə qalır. Buna gözləniləndən yüksək açıqlanan inflyasiya göstəricilərinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) ilin sonunadək faiz dərəcələrini artıracağına dair gözləntiləri gücləndirməsi təsir göstərir.

Ekspertlərə görə, bazar artıq qızıl üçün ən mənfi ssenarini – iqtisadi tənəzzülün müşayiət olunmadığı inflyasiya mühitini qiymətlərdə nəzərə alıb. Belə bir şərait FED-in faiz dərəcələrini kəskin artırmasını zəruri edə bilər ki, bu da gəlir gətirməyən investisiya aləti olan qızıl üçün mənfi amildir. Bununla belə, mövcud iqtisadi mənzərə bazar iştirakçılarının hazırda nəzərə aldıqlarından daha çox faiz artımını tələb etmir. Qızılın qiymətinin ilin sonunadək bir troya unsiyası üçün 5000 dollara çatması əvvəlki proqnozlarla müqayisədə artıq daha az real görünür. Qiymətlərin mövcud səviyyədən ən azı 10 faiz artaraq təxminən 4500 dollara yüksəlməsi gözlənilir.

Qızılın qiymətinə təzyiq göstərən digər amil isə bir müddət əvvəl qiymətli metala böyük həcmdə investisiya yatıran birja investisiya fondlarının fəaliyyətidir. Məlumata görə, bu fondların investorları son üç ticarət sessiyası ərzində qızıl ehtiyatlarını təxminən 17 ton azaldıblar.

Eyni zamanda, makroiqtisadi qeyri-müəyyənliklərdən qorunmaq məqsədilə qızıla tələbat kimi uzunmüddətli amillərin qiymətləri dəstəkləməkdə davam edir. Mərkəzi bankların qızıl alışları da qiymətlərin dəstəklənməsində mühüm rol oynayacaq.

İnvestorlar səbirli olmalıdırlar. Ümumi mənzərə o qədər də mənfi deyil. Uzunmüddətli investorlar üçün bazara daxil olmaq baxımından əlverişli zamandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: