Naxçıvan Muxtar Respublikası makroiqtisadi inkişafı ilə ölkənin milli iqtisadi quruculuq prosesinə davamlı töhfələr verir

A- A A+

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, makroiqtisadi zəmində yeni iqtisadi reallıqlara xas olan sosial-iqtisadi inkişaf mərhələsini uğurla keçməkdədir. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən islahatlar, ölkənin bütün iqtisadi rayonlarında olduğu kimi, muxtar respublikada da, yeni perspektivlərin əsaslarını qoyur və bu isə dayanıqlı sosial və iqtisadi əhəmiyyətinə görə seçilməkdədir. İstər “Yaşıl iqtsadiyyat”a keçid, istər, bunun üçün müvafiq resurslardan daha effektiv istifadə istiqamətlərinin müəyyən olunması, daha mütərəqqi iqtisadi inkişaf modelini təqdim etməkdədir. Regionların sosial iqtisadi inkişafına dair dövlət siyasətinin Milli Prioritetlər müstəvisində reallaşması, muxtar respublikanın əlverişli investisiya mühitinin əsaslarını yaratmışdır. Muxtar respublikanın regionlarının təbii və iqtisadi resurslarının düzgün qiymətləndirilməsi, bunun əsasında, regional və makroiqtisadi inkişaf üzrə dinamik artım vəziyyətinin həm də yeni reallıqlara uyğun təşəkkülü mümkün olmuşdur. Bu sahədə, tikinti-quraşdırma işlərinin daha səmərəli şəkildə davam etdirilməsi, özünün uğurlu nəticələrini verməkdədir. Təsadüfi deyildir ki, geridə qalan aylar ərzində investisiya qoyuluşu üzrə 42%-ə yaxın artımın qeydə alınması, islahatların məhz bu istiqamətlər üzrə səmərəli gedişini ifadə etməkdədir.

Yeni infrastruktur təsisatlarının yaradılması, ucqar dağ kəndlərində istehsal və xidmət bölmələrinin fəaliyyətinin təşkili, iqtisadiyyatın mikro və mezo əhəmiyyətli perspektivlərinin müəyyən olunması, bunun isə makroiqtisadi potensial məqsədli dayaqları təmin etməsi günümüzün olduqca mühüm aktual məsələlərindən birini təmin etməkdədir. Bu məqsədlə də, muxtar respublikada 2026-cı ilin yanvar-sentyabr aylarında məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, hesabat dövründə, bütün maliyyə mənbələri hesabına əsas kapitala 238 196 500 manat investisiya yönəldilmiş və bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çoxd olmuşdur. İnvestisiya qoyuluşunun 198 484 300 manatı və ya 83,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin  analoji dövrü ilə müqayisədə 41,9% çoxdur. Təbii olaraq, bunlar, istehsal fəaliyyətinin fasiləsizliyi, yerli xammala dayanan iqtisadi fəaliyyətin daha da çevik olması, emal müəssisələrinin fəaliyyətinin təşkili və idarə olunması məsələlərinə kompleks yanaşmanı ifadə etməkdədir. 

Ölkəmizdə bu sahədə həyata keçirilən işlər, dövlət və özəl tərəfdaşlığının daha perspektivli inkişafına stimul vermişdir. Muxtar respublikanın geridə qalan 9 aylıq statistik göstəricilərinə diqqət etdikdə bunu aydın şəkildə görmək olar. Belə ki, dövlət tərəfindən dəstəklənən ideya və təşəbbüslərin reallaşması, bütün tərəflərinə görə makroiqtisadi sabitliyin və inişafın hərəkətverici qüvvəsini təşkil etmişdir ki, bu da, daha dinamik artım göstəricilərinin ortaya qoyulamsına təminat yaratmışdır. Qeyd etmək olar ki, cari ilin 9 ayı ərzində əsas kapitala investisiya qoyuluşunun 100 758 100 manatı və ya 42,3%-i dövlət sektorunun, 137 438 400 manatı və ya 57,7%-i isə qeyri-dövlət sektorunun payına düşür. İnvestisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda 30,9%, qeyri-dövlət sektorunda isə 42,7% artıb. Cəlb olunan investisiyanın 116 367 700 manatı və ya 48,9%-i məhsul istehsalı sahələrinə, 27 152 700 manatı və ya 11,4%-i xidmət sahələrinə,  94 676 100 manatı və ya 39,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əlbəttə ki, bütün bu sahələrin hər birində məşğulluq, sosial rifah və firəvanlıq özünü göstərməkdədir. Muxtar respublikanın bütün kəndlərində, şəhər və rayonlarında, həmçinin qəsəbələrində bu sahədə fəallıq özünü göstərmiş, dövlətin sosial sahədəki layihələrinin uğurla reallaşması rəğbətlə qarşılanmışdır.

İqtisadi inkişafın çoxşaxəliliyinin təmin olunması, regionların istehsal və xidmət sahələri üzrə infrastrukturunun gücləndirilməsi, diversifikasiyayönümlü tənzimləmə menxaiizmlərindən daha geniş şəkildə istifadə olunması, sosial paketlərin daha geniş təbəqələr üzrə reallaşması, yeni islahatlar əsasında dahan intensiv iqtisadi artım mexanizmlərinin ortaya qoyulması və digər məsələlər, hazırda dövlətin iqtisadi inkişaf sahəsindəki siyasətinin olduqca mühüm istiqamətlərini təşkil etməkdədir. Sənayeləşmə siyasətinin effektivliyinin təmin olunması, iqtisadi rayonlarda Sənaye Park və Məhəllələrinin yaradılması, istehsal və xidmət bölmələrinin həmin strukturlaşmalara inteqrasiya olunması bütün tərəflərinə görə səmərəlidir, bu gün üçün yeni reallıqlara tamamilə uyğundur və gələcək nəsillərə böyük iqtisadi və sosial miras yaratmaqdadır. Buna görə də, muxtar respublikada ölkəmizin yeni reallıqlara xas olan iqtisadi təşəbbüsləri uğurla icra olunur və bu, ölkənin milli itqisadi prioritetlərinin daha da əlçatan olmasına hesablanıb. Xüsusilə də, yeni yaşayış binalarının inşa olunması, istehsal müəssisələrinin yaradılması və elektrik enerjisi təsərrüfatının yenidən qurulması əsas kapitala investisiya qoyuluşunun artmasını şərtləndirən başlıca amilləri olaraq çıxış edir. Eyni zamanda, burada, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması və nəqliyyat sahəsinə ayrılan vəsaitlər də investisiya həcminin artmasına əhəmiyyətli təsir göstərməkdədir.

Təbii olaraq, dövlətin iqtisadi və sosial sahələr üzrə siyasətinin əsas məqsədləri vardır. Digər təminatlarla yanaşı, iqtisadi siyasətin əsas məqsədi, əhali üçün, insanlar, cəmiyyət üzvləri üçün daha effektiv fəaliyyət, yaşayış və firəvanlıq mühitinin, mexanizmlərinin və resurslarının yaradılması, sosial siyasətinin əsas məqsədi isə həmin mühitin, mexanizmlərin və resursların əlçatan olması sahəsindəki imkanlar nəzərdə tutulur. Bu mənada, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən makroiqtisadi inkişaf tədbirlərinin önəmini olduqca yüksək dəyərləndirmək olar. Məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, sosial sfera üzrə əlçatanlığın etibarlılığı muxtar respublikada hər zaman diqqət mərkəzində olmaqdadır. 

Elə bunun nəticəsidir ki, artıq muxtar respublikasda son 9 ayda 1000-dən çox yeni iş yerinin yaradılmasını statistik rəqəmlərdən görmək olar. Eyni zamanda, burada, 2026-cı ilin yanvar-sentyabr aylarında məşğulluğun təmin olunması və əmək bazarının inkişafı istiqamətində müsbət dəyişikliklər qeydə alınıb. Məhz hesabat dövründə muxtar respublikada 1004 yeni iş yeri açılıb ki, bu da, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 371 iş yeri və ya 59% çoxdur. Yeni yaradılan iş yerlərinin böyük hissəsi qeyri-dövlət sektorunda formalaşıb. Belə ki, açılan iş yerlərinin 697-si və ya 69%-i qeyri-dövlət, 307-si və ya 31%-i isə dövlət sektorunda qeydə alınıb. İş yerlərinin 852-si yeni fəaliyyətə başlayan 117 müəssisə və təşkilatlarda, 152-si isə mövcud 31 müəssisədə yaradılıb. Aydın olur ki, həyata keçirilən iqtisadi islahatlar özünün yüksək faydalılıq nəticələrinə görə seçilir, onun mahiyyətini ifadə edir və dövlətin bu sahədəki hədəflərinə düzgün istiqamətlənmişdir. Buna görə də, muxtar respublikanın makroiqtisadi inkişafında daha perspektivli nəticələr onun həm də bütün regional xüsusiyyətlərini nəzərə almaqla ifadə etməkdədir. 

Qeyd olunan bütün məsələlər, iqtisadi idarəetmənin daha da təkmilləşməsini, onun bu gündən gələcəyə doğru düzgün istiqamət almasını, eyni zamanda, ölkənin regional və milli iqtsadi inkişafı sahələrindəki əlaqələndirməni dolğun olaraq təmin etməsini bir daha göstərməkdədir. Məhz bu mənada da, ölkəmizdə milli iqtisadiyyatın həm də strateji yol xəritələrinin daha perspektivli olaraq inkişaf etdirilməsi sahəsində bəhs olunan amillərin xüsusilə önəmi olacaqdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqları ilə qeyri-dövlət bölməsinə dövlət dəstəyinin genişləndirilməsi muxtar respublikada məşğulluq üçün yeni imkanların yaradılmasına, əmək fəallılığının yüksəlməsinə səbəb olub. Bununla da, təbii olaraq, muxtar respublikada iqtisadiyyatın strukturlaşması, bütün regionlar üzrə təminatqabliyyətli olması sahəsində məqsədyönlü nəticələr özünü göstərməkdədir. Diqqət etdikdə aydın olur ki, cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada iqtisadiyyatın qeyri-dövlət bölməsində yeni yaradılan iş yerlərinin sayının dövlət bölməsində açılan yeni iş yerlərinin sayını 2 dəfədən çox üstələməsi sahibkarlığın əhalinin məşğulluğuna əhəmiyyətli töhfə verdiyini göstərir. Nəzərə alsaq ki, Sənaye Park və Məhəllələrinin bu sahədəki potensialları da güclü olacaq, onda bu halda, qarşıda daha böyük iqtisadi inkişaf göstəricilərinin şahidləri olacağıq. Çünki, həmin strukturlar, mahiyyətinə görə həm də, bir tərəfdən, infrastruktru təsisatlarının yaradılması, digər tərəfdən isə kiçik və orta sahibkarlığın inkişafı üçün mühüm iqtisadi baza olacaqlar. Beləliklə, kiçik və orta sahibkarlığın dəstəklənməsi isə, investisiya cəlbediciliyinin yüksəldilməsi və istehsal potensialının genişləndirilməsi ilə birlikdə muxtar respublikada məşğulluğun dayanıqlı artımının mühüm amili olaraq çıxış etməkdədir. 

Muxtar respublikada iqtisadi artım şaxəlidir, özündə mühüm iqtisadi və sosial baza formalaşdırmaqdadır. Təbii olaraq, bunu həm də iş yerlərinin sayının artmasında görmək olar. Belə ki, bu sahədə yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, tikinti və infrastruktur layihələrinin icra olunması, eləcə də müxtəlif sahələrə yönəldilən investisiyaların həcmindəki artım əsas rol oynamışdır. Eyni zamanda, sosial və infrastruktur layihələri çərçivəsində “Naxçıvan Regional Dost Mərkəzi”nin fəaliyyətə başlaması ilə 43, “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətində 223 iş yerinin yaradılması da ümumi artıma töhfə vermişdir. Bütün kəndlərin sosial-iqtisadi inkişaf proseslərində daha fəal şəkildə təmsil olunmaları, istehsalçı üçün vaxt və məhsul üçün isə keyfiyyət itkiləri üçün qabaqlayıcı tədbirlərinin həyata keçirilməsi sahəsində bu tədbirlərin olduqca mühüm əhəmiyyətini qeyd etmək olar.

Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən icra olunan Özünüməşğulluq Proqramı çərçivəsində muxtar respublikada aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə 2026-cı ilin ötən dövrü ərzində öz kiçik biznesini qurmaq istəyən 114 nəfər işsiz şəxsə aktivlər təqdim olunub. Onlardan 94 nəfəri kənd təsərrüfatı (50 nəfəri qoyunçuluq, 44 nəfəri arıçılıq)  və 20 nəfəri isə istehsal-xidmət sahələri üzrə məşğul olmaq üçün əmlaklarla təmin ediliblər. Cari ilin sonunadək Proqram çərçivəsində əlavə məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur.

Beləliklə, Naxçıvan Muxtar Respublikası bütün bu potensialla, ölkənin milli iqtisadiyyatının uzunmüddətli perspektivlərinin, Milli Prioritetlərinin, hədəflərinin əlçatan olmasında mühüm nəticələr verməkdədir. Təbii olaraq, mövcud potensialıln düzgün qiymətləndirilməsi, qarşıdakı mərhələlər üzrə olduqca mühüm nəticələr verəcəkdir. Bunu muxtar respublikanın cari, orta və uzaq gələcək üzrə inkişaf potensialı da göstərməkdədir.

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,

İqtisad üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: