BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

A- A A+

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) “Dünya Sosial Hesabatı 2026: Sosial inklüzivliyin yeni iqtisadiyyatı – transformasiyanın hamı üçün nəticə verməsi” (World Social Report 2026: The New Economics of Social Inclusion: Making Transformations Work for All) nəşrində Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək nəticə göstərib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, hesabatın statistik əlavəsinə əsasən, Azərbaycan Sosial İnklüziv Transformasiya (SİT) göstəricisi üzrə 168 ölkə arasında 34-cü, Asiyada 6-cı, yuxarı-orta gəlirli ölkələr arasında isə 2-ci yerdə qərarlaşıb.

Hesabatda Azərbaycanın transformasiya sütunu üzrə göstəricisi 55,78, inklüzivlik sütunu üzrə göstəricisi 82,33, ümumi SİT balı isə 138,10 təşkil edir. Bu nəticə hesabatda göstərilən 105 ballıq qlobal mediandan 33,10 bal yüksəkdir.

Asiya üzrə müqayisədə Azərbaycanı ümumi SİT göstəricisinə görə yalnız Koreya Respublikası (147,24), Çin (145,26), Sinqapur (143,7), İsrail (140) və Yaponiya (138,28) qabaqlayır. Azərbaycanın göstəricisi Qazaxıstan (137,92), Özbəkistan (127,9), Ermənistan (126,14), Türkiyə (120,98) və Gürcüstanın (119,23) müvafiq göstəricilərindən yüksəkdir.

İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, bu nəticə Azərbaycanın iqtisadi transformasiya ilə sosial inklüzivliyin uzlaşdırılması baxımından əlverişli mövqedə olduğunu göstərir. Onun sözlərinə görə, qarşıdakı mərhələdə əsas vəzifə mövcud üstünlükləri daha yüksək məhsuldarlığa, texnoloji yenilənməyə və keyfiyyətli məşğulluğa çevirməkdir.

Rəşad Nəcəfli qeyd edib ki, inklüzivlik sütunu üzrə yüksək göstərici rəqəmsal və yaşıl iqtisadiyyata keçid prosesində daha geniş əhali qruplarının iştirak imkanlarının artırılması üçün əlverişli zəmin yaradır. Hesabatın milli siyasət baxımından əhəmiyyəti insan kapitalı, məşğulluq, sosial müdafiə və texnoloji inkişaf arasında əlaqələrin gücləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə peşə bacarıqlarının yenilənməsi, ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi, rəqəmsal və süni intellekt bacarıqlarının inkişafı, eləcə də yeni iqtisadi fəaliyyət sahələrinə keçən işçilərin dəstəklənməsi mühüm rol oynaya bilər.

İİTKM-in nümayəndəsinin fikrincə, hesabat dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi baxımından da faydalı analitik çərçivə təqdim edir. Proqram və tədbirlərin icrası ilə yanaşı, onların məhsuldar məşğulluğa, xidmətlərə çıxışa və insanların dəyişən iqtisadi şəraitə uyğunlaşmasına təsirinin ölçülməsi siyasət qərarlarının nəticəyönümlülüyünü gücləndirə bilər.

Dayanıqlı transformasiyanın əsas meyarlarından biri iqtisadi yenilənmənin insanların həyatında yaratdığı real imkanlardır. Azərbaycanın mövcud göstəriciləri bu istiqamətdə əlverişli başlanğıc mövqeyini nümayiş etdirir. Sosial inklüzivliyin iqtisadi artım, innovasiya və insan kapitalı siyasəti ilə əlaqələndirilməsi mövcud potensialın uzunmüddətli rifaha çevrilməsinə töhfə verə bilər.

Qeyd edək ki, hesabatın metodologiyasına əsasən, transformasiya sütunu üzrə uzunmüddətli dəyişiklikləri əks etdirmək üçün 2000–2024-cü illər üzrə artım göstəricilərindən, inklüzivlik sütunu üzrə isə son beş ilin orta göstəricilərindən istifadə olunur. Buna görə də SİT nəticələri yalnız 2026-cı ilin vəziyyətini deyil, müxtəlif dövrlərə aid məlumatları əks etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: