Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub - FOTOLAR
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 29 milyard 311,8 milyon manat, xərcləri 25 milyard 348,2 milyon manat olub, 3 milyard 963,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Maliyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, 9 ay ərzində dövlət büdcəsinin gəlirləri 28 milyard 524,4 milyon manat proqnoza qarşı 29 milyard 311,8 milyon manat və yaxud 787,4 milyon manat (2,8 faiz) çox icra edilib.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 19 milyard 683,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 13 milyard 630,4 milyon manatı və ya 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 9 milyard 628 milyon manatı və ya 32,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4 milyard 973,3 milyon manatı və ya 17 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 543,2 milyon manatı və ya 1,9 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 43,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 493,7 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşür.
Bu ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 913,4 milyon manat və ya 7,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,9 milyon manat və ya 25,9 faiz, sair daxilolmalardan 84,3 milyon manat və ya 20,6 faiz çox, gömrük orqanlarının xətti ilə 10,7 milyon manat və ya 0,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 208,5 milyon manat və ya 27,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
Cari ilin 9 ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 225,3 milyon manat və ya 4,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,7 milyon manat və ya 25,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 63,2 milyon manat və ya 13,2 faiz çox vəsait daxil olub.
Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları bu ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 55,9 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz-bənd çox) təşkil etməklə 16 milyard 381,3 milyon manat olub ki, bu da proqnozla müqayisədə 161,9 milyon manat və ya 1 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1 milyard 388,4 milyon manat və ya 9,3 faiz çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 63 faizini və ya 10 milyard 327,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,4 faizini və ya 4 milyard 973,3 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 543,2 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 3 faizini və ya 493,7 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 43,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 12 milyard 930,5 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 625,5 milyon manat və ya 5,1 faiz çoxdur.
Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 25,5 faizi və ya 3 milyard 302,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 74,5 faizi və ya 9 milyard 628 milyon manatı (2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 232,7 milyon manat və ya 11,4 faiz az) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 39,4 faizi və ya 1 milyard 301,6 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 46,6 faizi və ya 1 milyard 539,8 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi üzrə mənfəət vergisi, 14 faizi və ya 461,1 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisi hesabına olub.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
Bu ilin 9 ayında dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat məbləğində icra edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 680 milyon manat və ya 2,8 faiz çoxdur.
Doqquz ayda dövlət büdcəsi xərclərinin 16 milyard 613,7 milyon manatı və ya 65,6 faizi cari xərclərə (2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 567,3 milyon manat və ya 10,4 faiz çox), 7 milyard 284,7 milyon manatı və ya 28,7 faizi əsaslı xərclərə (2025-ci ilin eyni dövrü ilə müqayisədə 820,3 milyon manat və ya 10,1 faiz az), 1 milyard 449,8 milyon manatı və ya 5,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Hesabat dövründə dövlət büdcəsi xərclərinin 49,9 faizi və ya 12 milyard 643 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və ya 14,9 faiz çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq bölmələr səviyyəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 246,8 milyon manat, iqtisadi fəaliyyət xərcləri 4 milyard 203,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 529,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 3 milyard 436,7 milyon manat, təhsil xərcləri 3 milyard 121,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 2 milyard 197,5 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 1 milyard 179,1 milyon manat, səhiyyə xərcləri 953,8 milyon manat, kənd təsərrüfatı xərcləri 750,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 340,8 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 221,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 166,7 milyon manat məbləğində icra edilib.Bu ilin yanvar-sentyabr aylarında iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 7 milyard 842,5 milyon manat, qeyri-maliyyə aktivləri 6 milyard 709,5 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 3 milyard 716,1 milyon manat, sosial ödənişlər 2 milyard 426,9 milyon manat, qrantlar və digər ödənişlər 2 milyard 349,5 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 766,9 milyon manat, faizlər üzrə ödənişlər 702,1 milyon manat, subsidiyalar 629,9 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 156,3 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 48,5 milyon manat icra edilib.
Cari ilin yanvar-sentyabr aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 1 milyard 623,8 milyon manat vəsait sərf olunub.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 1 milyard 761,4 milyon manat vəsait istifadə olunub.
Həmin vəsaitin 891,8 milyon manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat, kommunal infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyətyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 177,1 milyon manatı isə müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 49,2 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 468,4 milyon manat, cəm olaraq 517,6 milyon manat vəsait istifadə olunub.
2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən, cari ilin 9 ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 397,2 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 52,6 milyon manat olmaqla (əsas borc üzrə 766,9 milyon manat, faiz borcu üzrə 285,7 milyon manat), ümumilikdə 1 milyard 449,8 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, bu il oktyabrın 1-nə xarici dövlət borcunun səviyyəsi 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, cari il oktyabrın 1-nə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,6 faizini təşkil edib.
Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi bu il oktyabrın 1-nə 16 milyard 230,1 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 11,8 faizini təşkil edib.
Cari ilin 9 ayında icmal büdcənin gəlirləri 36 milyard 730,4 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat icra olunub. İcmal büdcədə 6 milyard 640,5 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 6 milyard 369,5 milyon manat, xərcləri 6 milyard 188,6 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 183,4 milyon manat, xərcləri 139,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1 milyard 499,3 milyon manat, xərcləri 1 milyard 720,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 12 milyard 341,4 milyon manat, xərcləri 9 milyard 655,7 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 308,3 milyon manat, xərcləri 320,7 milyon manat təşkil edib.