Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub - FOTOLAR
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə oktyabr sayını təqdim edib.
Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, icmala əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.
Cari ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,2 faiz artaraq 372,8 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2 faiz artaraq 78,8 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artaraq 267,5 milyon ABŞ dollarına bərabər olub.
Yanvar-sentyabr aylarında ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrünə nəzərən 2,4 dəfə (136,8 faiz), alüminium və ondan hazırlanan məmulatlar 41 faiz, qara metallardan hazırlanan məmulatlar 32,2 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 31,6 faiz, mis və ondan hazırlanan məmulatlar 21,7 faiz, pambıq 16,6 faiz, qəhvə və çay 13 faiz, yeməli meyvələr 12,5 faiz, tərəvəzlər 9,4 faiz, qara metallar isə 8,5 faiz artıb.
Bu ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 16,5 faiz artaraq 776,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 28,6 faiz artaraq 299,7 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6 faiz artaraq 1,08 milyard ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (313,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (213,5 milyon ABŞ dolları) ikinci, tomat (172,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (41,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (29,8 milyon ABŞ dolları) ikinci, mineral və ya kimyəvi azot gübrələri (21,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Yanvar-sentyabr aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 881,4 milyon ABŞ dolları, Türkiyəyə 475,2 milyon ABŞ dolları, Gürcüstana 443 milyon ABŞ dolları, İsveçrəyə 327,9 milyon ABŞ dolları, Ukraynaya isə 121,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bu ilin sentyabr ayında Rusiya Federasiyasına 67,2 milyon ABŞ dolları, Gürcüstana 56,5 milyon ABŞ dolları, İsveçrəyə 43,5 milyon ABŞ dolları, Türkiyəyə 40,2 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə isə 29,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Prime Cotton" MMC, "Baku Steel Company" QSC, "Tabaterra" MMC, "Prime Export" MMC, "Vvest Stream" MMC və "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "P-Aqro" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 36 ölkəsindən olan 95-dək şirkətə ümumilikdə 19,6 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 989,7 min ABŞ dolları ilə Türkiyə, 884,4 min ABŞ dolları ilə Pakistan və 484,9 min ABŞ dolları ilə Misir qərarlaşıb. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.