Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

A- A A+

Dünya İqtisadi Forumu və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əməkdaşlığı çərçivəsində Azərbaycanın rəqəmsal ticarət potensialına dair “Azərbaycanın TradeTech potensialının reallaşdırılması” adlı hesabat dərc olunub.

4SİM-dən NUHÇIXAN-a bildirilib ki, hesabatda ölkənin rəqəmsal ticarət ekosisteminin inkişaf imkanları qiymətləndirilib, beynəlxalq ticarətdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, logistika proseslərinin səmərəliliyinin artırılması və kiçik və orta biznesin xarici bazarlara çıxışının asanlaşdırılması ilə bağlı tövsiyələr təqdim edilib.

2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək aparılan təhlil çərçivəsində 18 təşkilatı təmsil edən 28 maraqlı tərəflə məsləhətləşmələr keçirilib, beynəlxalq təcrübə və mövcud normativ-hüquqi baza araşdırılıb.

Hesabatda Azərbaycanda rəqəmsal dövlət xidmətləri, elektron imza, gömrük sistemlərinin modernləşdirilməsi və logistika infrastrukturu sahələrində əldə olunan irəliləyişlər vurğulanıb. Bununla yanaşı, elektron ticarət sənədlərinin hüquqi tanınmasının genişləndirilməsi, dövlət və özəl sektorun rəqəmsal platformaları arasında məlumat mübadiləsinin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.

Dünya İqtisadi Forumu rəqəmsal ticarətin inkişafı üçün ümumilikdə 10 tövsiyə irəli sürüb. Təkliflər arasında milli TradeTech icmasının yaradılması, innovativ həllərin sınaqdan keçirilməsi üçün xüsusi tənzimləyici mühitin formalaşdırılması, elektron ticarət sənədləri üzrə hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması və texnoloji startapların maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi yer alır.

Hesabatda qeyd olunur ki, rəqəmsal ticarət həllərinin tətbiqi qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişləndirilməsinə və Orta Dəhliz boyunca ticarət-logistika proseslərinin təkmilləşdirilməsinə töhfə verə bilər. Bu, Azərbaycanın regional ticarət və logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

Dünya İqtisadi Forumunun “TradeTech” təşəbbüsü süni intellekt, blokçeyn, rəqəmsal ödənişlər və digər innovativ texnologiyalar vasitəsilə beynəlxalq ticarət proseslərinin sadələşdirilməsini və xərclərin azaldılmasını hədəfləyir.

Hesabatın tam mətni ilə Dünya İqtisadi Forumunun rəsmi internet səhifəsində tanış olmaq mümkündür: https://www.weforum.org/publications/unlocking-azerbaijan-s-tradetech-potential

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: