Hörmüz boğazı və Səudiyyə Ərəbistanındakı hücumlar fonunda birjalarda neft qiymətləri ardıcıl 4-cü aylıq artıma doğru irəliləyir.
NUHÇIXAN xəbər verir ki, proqnozlara görə, “Brent” markalı xam neftin qiyməti bu ayı təxminən 14 faiz, “Light” markalı neft isə 15 faizədək artımla başa vuracaq. Hazırda “Brent”in bir barelinin qiyməti 116 dollar, “Light” neftinin qiyməti isə 103 dollar civarındadır. Beləliklə, “Light” markalı neft aprel ayından bəri ilk dəfə ayı bir barel üçün 100 dollardan yüksək qiymətlə başa vurmağa hazırlaşır. Hər iki neft növünün qiyməti ardıcıl 4-cü aylıq artım nümayiş etdirir.
Yəməndə fəaliyyət göstərən, İran tərəfindən dəstəklənən husilərin Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə hücumları, eləcə də Yaxın Şərqdə neft təchizatında fasilələrin yaranması ilə bağlı narahatlıqlar dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olub. Husilər cümə axşamı Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodu olan Ras Tanura, eləcə də Rabigh neft emalı zavodu və Abqaiqdə yerləşən “Saudi Aramco” şirkətinin obyektini hədəf aldıqlarını bəyan ediblər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin qərb istiqamətinə yönələn qanadlı raketin zərərsizləşdirildiyini açıqlayıb.
Hörmüz boğazı ətrafında hərbi fəallığın artması və diplomatik həll imkanlarına dair qeyri-müəyyənliklərin neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olduğu bildirilir. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da Hörmüz boğazının cənubunda icazəsiz marşrutla hərəkət etməyə çalışan 3 tankerin dəniz minalarına toxunaraq partladığını və yandığını açıqlayıb.
Bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artması fonunda “ExxonMobil” və “Chevron” şirkətlərinin rəhbər şəxslərinin gələn həftə Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılan irimiqyaslı neft sərgisində iştirakdan imtina etdikləri bildirilir.
