“Bitcoin”in qiyməti 78 dollar səviyyəsinə çatıb.
NUHÇIXAN xəbər verir ki, dünyanın əsas kriptovalyutası tarixi kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir. Ötən həftə dünyanın ən böyük kriptovalyuta birjasına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumdan sonra investorlar bazarda daha ciddi itkilər gözləsələr də, “Bitcoin” gözlənilməz dayanıqlılıq nümayiş etdirir. Ən böyük kriptovalyuta hazırda 78 min dollar civarında ticarət olunub. Bununla belə, bu göstərici “Binance” kriptovalyuta birjasının istifadəçilərə məxsus 6,3 milyard dollarlıq vəsaitin oğurlanmasına səbəb olan kiberhücum barədə açıqlama verməsindən əvvəl qeydə alınan maksimum səviyyədən təxminən 4 faiz aşağıdır.
Ekspertlər bildirirlər ki, “Bitcoin”in həftəsonu ərzində dəyərini qoruyub saxlaması, əsasən, “Binance” birjasının açıqlamalarına olan etimadla bağlıdır. Onun sözlərinə görə, bazar iştirakçıları “Binance”ın yaranmış itkiləri qarşılamaq üçün kifayət qədər maliyyə resurslarına malik olduğuna inanırlar.
“Bitcoin” ötən həftə riskli aktivlərin kütləvi satışa məruz qalması fonunda təzyiq altında idi. Bu baxımdan, kriptovalyutanın nisbətən sabit mövqeyini qoruması investorların baş verən hadisəyə əvvəlki böyük birja böhranları ilə müqayisədə fərqli yanaşdığını göstərir.
2022-ci ildə həmin dövrdə dünyanın ikinci ən böyük kriptovalyuta birjası olan FTX-in süqutu zamanı “Bitcoin” cəmi 3 gün ərzində 19 faiz ucuzlaşmışdı. Keçmiş milyarder Sam Bankman-Fried tərəfindən idarə olunan şirkət likvidlik böhranı nəticəsində iflasa uğramışdı.
Analitiklər hesab edirlər ki, dünyanın əsas kriptovalyutasının bu dəfə daha dayanıqlı olması səbəblərindən biri “Binance”ın istifadəçilərin zərər görməməsi üçün bazardan “Bitcoin” almasıdır. Bununla belə, bazarda ümumi investor əhval-ruhiyyəsi hələ də narahatlıq doğurur. Bu il kiberhücumlarda süni intellekt texnologiyalarından istifadə artıb.
“İnsanlar baş verənləri daha böyük təhlükənin yalnız görünən hissəsi kimi qiymətləndirirlər və süni intellektin imkanlarını nəzərə alaraq, gələcəkdə daha çox hücumun baş verəcəyini gözləyirlər. Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” belə hücuma məruz qala bilirsə, deməli, heç kim tam təhlükəsiz deyil”, - deyə ekspertlər qeyd edirlər.
Kriptovalyuta bazarına qısamüddətli perspektivdə daha ciddi təsir göstərə biləcək amillərdən biri isə ABŞ-də çərşənbə axşamı keçiriləcək aralıq seçkilərdir. Konqresdə siyasi qüvvələr balansının dəyişməsi kriptovalyuta bazarının tənzimlənməsi və bazar strukturuna dair qanunvericilik təşəbbüslərinin gələcək taleyinə əhəmiyyətli təsir göstərə bilər.
Ötən həftəyədək kriptovalyuta sektorunda ən böyük kiberhücum 2025-ci ildə “Bybit” birjasına qarşı həyata keçirilmişdi. Həmin hücum nəticəsində təxminən 1,5 milyard dollar dəyərində kriptovalyuta vəsaiti oğurlanmışdı.
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) həm “Binance”, həm də “Bybit” birjalarına qarşı həyata keçirilən kiberhücumları Şimali Koreya ilə əlaqələndirilən “TraderTraitor” haker qrupu ilə əlaqələndirib.
