Ümumi dövlət xidmətlərinə növbəti il 5,5 milyard manat və ya büdcənin 13 faizinin xərclənməsi proqnozlaşdırılır. 2023-2027-ci illərdə funksional təsnifat üzrə xərclər 1,8 milyard manat artacaq.
NUHÇIXAN xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, müdafiə və milli təhlükəsizlik xərcləri növbəti il 8,8 milyard manat və ya büdcə xərclərinin 20,8 faizi məbləğində proqnozlaşdırılır: “Bu, Azərbaycan dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsinə və milli təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Beşillik dövrlə müqayisədə bu rəqəm 3 milyard manat və ya 51 faizlik bir artımla icra edilir”.
