“Brent” markalı xam neftin qiyməti ötən gün 8 faizdən çox azaldıqdan sonra enişini davam etdirib.
NUHÇIXAN xəbər verir ki, qlobal bazarda etalon hesab olunan “Brent” neftinin bir bareli təxminən 94 dollar səviyyəsində ticarət olunur. “Light” markalı xam neftin qiyməti isə çərşənbə günü may ayından bəri ən kəskin gündəlik enişini qeydə aldıqdan sonra hazırda 87 dollara geriləyib.
İnvestorlar ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının inamlı qələbəsinin Yaxın Şərqdəki müharibənin başa çatdırılması istiqamətində səyləri sürətləndirəcəyini gözləyirlər.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə bildirib ki, seçicilərin müharibədən və ABŞ-İsrail münasibətlərindən narazılığı seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinə səbəb olub. Demokratlar Partiyasının Senatdakı azlıq lideri Çak Şumer isə artıq 9-cu ayına qədəm qoyan münaqişəyə son qoyacağına söz verib.
Demokratlar aralıq seçkilərdə Konqresin hər iki palatasında çoxluğu əldə edərək Prezident Donald Trampa və Respublikaçılar Partiyasına ciddi zərbə vurublar. Bu qələbə onlara dövlət xərclərinə daha çox təsir imkanları yaradır, eyni zamanda, administrasiyanın İran böhranı ilə bağlı siyasətini davam etdirmək imkanlarını məhdudlaşdıra bilər.
Oktyabr ayında “Brent” markalı neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə qalxmışdı. Prezident Donald Tramp isə aralıq seçkilərdən sonra İrana qarşı yeni zərbələr endirilə biləcəyi ilə bağlı hədələr səsləndirmişdi.
Gərginliyə baxmayaraq, Körfəzdən xam neft ixracında artım müşahidə olunub. Bu isə Yaxın Şərq mənşəli neftin qiymətlərinə təzyiq göstərib. Bununla belə, neft məhsullarının daşınması hələ də məhdud olaraq qalır. Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarını intensivləşdirməsi ilə birləşən bu problemlər benzin və dizelin qiymətinin artmasına səbəb olub.
Ekspertlərin fikrincə, Yaxın Şərqdən xam neft ixracının artması və Prezident Donald Trampın İrana qarşı təcili hücum planının olmadığını bəyan etməsi hələlik neftin qiymətinə təzyiq göstərməkdə davam edir. Konqresə Demokratlar Partiyasının nəzarəti ABŞ-nin hərbi xərclərinin də məhdudlaşdırılmasına və müharibənin daha tez başa çatmasına şərait yarada bilər.
Seçkilərin nəticələri və Trampın İrana qarşı yeni hücumlardan çəkinməsi çərşənbə günü enerji bazarlarında da öz əksini tapıb. Şimal dənizi neftinin qiyməti yeni minimum səviyyələrə enib, Avropada təbii qazın qiymətində də kəskin azalma qeydə alınıb.
Bununla belə, yanacaq bazarlarında təklif qıtlığı davam edir. ABŞ hökumətinin məlumatına görə, dizel yanacağını da əhatə edən distillə edilmiş neft məhsullarının ehtiyatları ötən həftə 100 milyon bareldən aşağı düşərək 2003-cü ildən bəri ən aşağı səviyyəyə enib. Ölkə üzrə xam neft ehtiyatları isə artıq 5-ci həftədir azalır.
