Oktyabrda qlobal miqyasda elektrikli avtomobil satışları 2,09 milyona çatıb

A- A A+

Dünyada elektrik mühərrikli avtomobillərin satışı oktyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 2,09 milyon ədədə çatıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Londonda yerləşən “Benchmark Mineral Intelligence” analitik şirkətinin oktyabr ayı üzrə açıqladığı qlobal elektrikli avtomobil satışlarına dair hesabatında bildirilib.

Məlumata görə, oktyabr ayında dünya üzrə 2,09 milyon elektrikli avtomobil satılıb. Satışlar aylıq müqayisədə 3 faiz azalsa da, illik müqayisədə 8 faiz artaraq yenidən yüksəliş dinamikası nümayiş etdirib. Beləliklə, cari ilin yanvar-oktyabr aylarında dünyada elektrikli avtomobillərin ümumi satışı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 17,5 milyon ədədə çatıb.

Avropa İttifaqında (Aİ) elektrikli avtomobil satışları oktyabr ayında illik müqayisədə 36 faiz artaraq 510 min ədəd olub. Bununla belə, aylıq müqayisədə satışlarda 17 faizlik azalma qeydə alınıb. Yanvar-oktyabr aylarında isə Aİ-də elektrikli avtomobillərin ümumi satışı ötən ilin müvafiq dövrünə nisbətən 31 faiz artaraq 4,5 milyon ədədə yüksəlib. Almaniyada elektrikli avtomobil satışlarının həcmi 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. Böyük Britaniyada isə satışlar illik müqayisədə 30 faiz artıb.

Çində oktyabr ayında 1,14 milyon elektrikli avtomobil satılıb. Bu, aylıq müqayisədə 5 faiz artım, illik müqayisədə isə 12 faiz azalma deməkdir. Yanvar-oktyabr aylarında ölkədə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq 9,1 milyon ədəd təşkil edib. Çində minik avtomobilləri bazarının daralmasına baxmayaraq, elektrikli avtomobillərin bazar payı artmaqda davam edir. Ümumi minik avtomobilləri bazarında azalma elektrikli avtomobil satışlarındakı geriləmədən daha kəskin olduğundan, bu nəqliyyat vasitələrinin bazara nüfuzetmə səviyyəsi yeni maksimuma çatıb. Daxili tələbatın zəif olmasına baxmayaraq, Çin istehsalçıları istehsalı davam etdirərək böyük həcmdə ixracı qoruyub saxlayıblar. Minik avtomobillərinin elektrikli modelləri üzrə ixrac sentyabr ayında 558 min ədəd olduğu halda, oktyabrda təxminən 600 min ədədə yüksələrək aylıq rekord göstəriciyə çatıb. Bununla yanaşı, Çində 2027-ci ilə dair siyasət dəyişikliklərindən irəli gələn mənfi amillər qüvvədə qalır.

Avropa İttifaqının Çində istehsal olunan hibrid avtomobillərin idxalına kvota tətbiq etməsi, eləcə də Çinin yeni elektrikli avtomobillərin ixracına verilən ƏDV güzəştini 2027-ci il aprelin 1-dən etibarən 13 faizdən 9 faizə endirmək qərarının satışlara təsir göstərəcəyi gözlənilir.

Şimali Amerikada elektrikli avtomobil satışları oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 130 min ədədə çatıb. Bu, regionda cari il ərzində illik müqayisədə qeydə alınan ilk artım olub. Oktyabr ayında satışlar əvvəlki ayla müqayisədə, demək olar ki, dəyişməyib. Yanvar-oktyabr aylarında isə Şimali Amerikada elektrikli avtomobillərin satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz azalaraq 1,3 milyon ədəd təşkil edib. Regionda oktyabr ayı üzrə satışların 110 min ədədi ABŞ-nin payına düşüb.

Dünyanın digər regionlarında isə elektrikli avtomobil satışları oktyabr ayında illik müqayisədə 85 faiz artaraq 300 min ədədə çatıb. Yanvar-oktyabr aylarında bu göstərici 93 faiz artımla 2,6 milyon ədəd təşkil edib. Avstraliya və Braziliyada elektrikli avtomobil satışlarının əhəmiyyətli dərəcədə artması qlobal bazarın digər regionlarında müşahidə olunan yüksəlişə mühüm töhfə verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: