Qızılın qiyməti əvvəlki gün son bir ildən artıq müddətin ən aşağı səviyyəsinə düşdükdən sonra uzunmüddətli bahalaşma perspektivinə inanan investorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi nəticəsində artıb.
NUHÇIXAN xəbər verir ki, investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərinin güclənməsi fonunda qızılın bir unsiyasının qiyməti ötən gün qısa müddətə son 13 ayın minimumuna enib. Daha sonra qiymət 1 faizədək artaraq 3920 dollar ətrafında ticarət olunub. Sonradan artımın bir hissəsini itirən qızılın bir unsiyasının qiyməti 0,5 faiz bahalaşaraq yenidən 3900 dollar həddindən aşağı düşüb. Hazırda qiymət 3890 dollar civarındadır.
Əvvəlki ticarət sessiyasında ABŞ Xəzinədarlığının bəzi istiqrazlarının gəlirliliyi 12 baza bəndindən çox artıb. Ən kəskin yüksəliş isə mərkəzi bankın pul siyasətindəki dəyişikliklərə daha həssas olan qısamüddətli qiymətli kağızlarda qeydə alınıb.
Ekspertlər bildirirlər ki, Nyu-York ticarət sessiyasının sonunda müşahidə olunan ucuzlaşma narahatlıq doğursa da, bu, istiqrazların gəlirliliyindəki artımla uzlaşır. Həftənin əvvəlində qızılın bir unsiyasının qiymətinin 4000 dollar həddindən aşağı düşməsindən sonra cümə günü müşahidə olunan bahalaşmanı yalnız ehtiyatların idarə olunmasına cavabdeh qurumların bazara müdaxiləsi ilə izah etmək mümkündür.
Qızılın qiyməti daha əvvəl iyulda və oktyabrın sonunda da bu mühüm psixoloji həddi sınaqdan keçirib. Həmin dövrlərdə mərkəzi banklar və iri institusional investorlar kimi uzunmüddətli alıcıların, eləcə də Çində əhalinin tələbatı qiymətlərin artımını dəstəkləyib. Bununla belə, qızıl fyuçerslərinin həftəni itkilərlə başa vuracağı gözlənilir.
İstehlak qiymətlərinin gözləniləndən daha sürətlə artması və FED rəsmilərinin daha sərt pul siyasətini dəstəkləyən açıqlamaları fonunda qızılın qiyməti son üç ticarət sessiyasında 6 faizdən çox ucuzlaşıb.
Bazar iştirakçıları FED-in gələn ay uçot faiz dərəcəsini 0,25 faiz bəndi artıracağını proqnozlaşdırırlar. Faizin 0,5 faiz bəndi artırılması ehtimalı isə aşağı qiymətləndirilir. Bəzi investorlar faiz artımlarının dekabr ayından sonra da davam edəcəyini gözləyirlər.
Analitiklər inflyasiyanın yüksək səviyyədə qaldığını bildiriblər. San-Fransisko FED-nin rəhbəri Meri Deyli isə inflyasiyanın azaldılması üçün, ehtimal ki, əlavə faiz artımlarına ehtiyac yaranacağını vurğulayıb. Onun sözlərinə görə, inflyasiya təkcə gömrük rüsumlarından və ya neft qiymətlərindən birbaşa təsirlənən sektorlarla məhdudlaşmır.
Gümüşün bir unsiyasının qiyməti 1,1 faiz artaraq 50,56 dollara yüksəldikdən sonra yenidən 50 dollar həddindən aşağı düşüb. Hazırda qiymət 49 dollar civarındadır. Platin və palladiumun qiymətlərində də artım qeydə alınıb.
