Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər - FOTOLAR
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, Dünya Bankının Vaşinqtondakı mənzil-qərargahında keçirilən görüşdə Azərbaycanla qurum arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də hazırlanmaqda olan “Dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişafı və suvarma sistemlərinin təkmilləşdirilməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov kənd təsərrüfatının inkişafının Azərbaycan hökumətinin strateji prioritetlərindən biri olduğunu bildirib. O, Dünya Bankı ilə əvvəlki layihələr çərçivəsində qurulmuş uğurlu əməkdaşlığı xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində birgə fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi daha az resursdan istifadə etməklə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, elmi tədqiqat və təhsil imkanlarını inkişaf etdirməkdir.
Məcnun Məmmədov xüsusilə su ehtiyatlarından səmərəli istifadənin vacibliyinə diqqət çəkib. O bildirib ki, hazırda Azərbaycanda 1,5 milyon hektar suvarılan torpaq sahəsinin 130 min hektarında müasir suvarma sistemləri tətbiq olunur. Yeni proqram çərçivəsində bu göstəricinin 300 min hektara çatdırılması nəzərdə tutulur.
Görüşdə fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, torpaqların konsolidasiyası və kənd təsərrüfatında rentabelliyin artırılması məsələləri də müzakirə olunub. Nazir kiçik və orta fermer təsərrüfatlarının maliyyələşdirilməsində mövcud çətinliklərə diqqət çəkərək yeni kredit mexanizmlərinin və dövlət dəstəyi alətlərinin əhəmiyyətini vurğulayıb.
Dünya Bankının vitse-prezidenti Antonella Bassani Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində müəyyənləşdirdiyi prioritetlərin bankın strateji hədəfləri ilə uzlaşdığını bildirib. O, xüsusilə suvarma infrastrukturunun modernləşdirilməsi, fermerlərin bazarlara və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə edib.
Antonella Bassani Dünya Bankının “AgriConnect” təşəbbüsünə də toxunaraq kənd təsərrüfatının iqtisadi artım, yeni iş yerlərinin yaradılması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin hazırlanmaqda olan layihənin icrasının sürətləndirilməsinin və əldə ediləcək nəticələrin fermerlərə daha qısa müddətdə çatdırılmasının vacibliyini qeyd edib.