Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsindədir

A- A A+

ABŞ-nin dövlət istiqrazlarının gəlirliliyinin artması, dolların möhkəmlənməsi və Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilər qızılın qiymətinin son bir ilin ən aşağı səviyyəsinə enməsinə səbəb olub. Qiymətli metalın bir troya unsiyasının qiyməti 3830 dollara düşdükdən sonra hazırda 3873 dollara yüksəlib.

NUHÇIXAN xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti 3830 dollar olmaqla, 2025-ci il oktyabrın 2-dən bəri ən aşağı səviyyəyə enib.

Qızıl bu ilin yanvar ayında 5594 dollarla tarixi rekordunu yeniləyib. Yanvarda qeydə alınan rekord göstəricidən sonra 31,5 faiz ucuzlaşan qızıl 2015-ci ildən bəri ən zəif illik nəticəsini göstərməyə doğru gedir. 2025-ci ilin aprelindən bəri ən yüksək səviyyələrə yaxın olan dollar digər valyutalardan istifadə edən investorlar üçün qızılı bahalaşdıraraq tələbə mənfi təsir göstərib.

Bazar iştirakçıları FED-in dekabr iclasında faiz dərəcələrini 25 baza bəndi artıracağını gözləyir, 50 baza bəndlik artım ehtimalını isə aşağı qiymətləndirirlər. Faiz artımı ilə bağlı gözləntilər fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi faiz gəliri gətirməyən qızılın qiymətinə əlavə təzyiq göstərib. Həmçinin “Nvidia” şirkətinin səhmlərinin ucuzlaşmasının da qızıl bazarına mənfi təsir etdiyini bildirilir. Belə ki, şirkətin bazar dəyəri oktyabrın əvvəlindən noyabrın 14-dək 1,9 trilyon dollar azalaraq 3,9 trilyon dollara düşüb.

Analitiklər bildirirlər ki, investorlar qısamüddətli nağd pul ehtiyaclarını qarşılamaq üçün qızıl satışına üstünlük verə bilərlər.

Fevralın sonunda başlayan ABŞ-İsrail-İran müharibəsi neftin qiymətinin yüksəlməsinə, inflyasiya ilə bağlı narahatlıqların artmasına və daha sərt pul siyasəti gözləntilərinin güclənməsinə səbəb olub. Üçüncü rübdə fiziki qızılla təmin olunan birja investisiya fondlarına 211 ton həcmində vəsait axını qeydə alınıb. Bununla yanaşı, qızıl külçələrə və sikkələrə tələb kəskin azalıb.

Dünya Qızıl Şurasının hesablamalarına görə, mərkəzi banklar 2025-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 675 ton qızıl alıblar. Polşa Mərkəzi Bankı noyabr ayında 700 tonluq qızıl ehtiyatı hədəfinə çatsa da, gələcəkdə əlavə alışlar həyata keçirmək imkanını istisna etməyib. Çin Xalq Bankı isə son iki ildə davam etdirdiyi qızıl alışları ilə yerli investorların etimadını dəstəkləyib.

Ekspertlər qızılın bir troya unsiyasının qiymətinin psixoloji hədd hesab edilən 3800 dollar səviyyəsindən yuxarı qaldığına diqqət çəkirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: