İKTA: İstehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq

A- A A+

Nazirlər Kabinetinin “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişikliklərə əsasən, uçota alınma üçün ərizə ilə müraciət edən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər bir sıra sənədlər təqdim edəcəklər. Buraya xidmətin təşkili üçün qurulmuş telekommunikasiya şəbəkəsində istismar olunan telekommunikasiya vasitələri, şəbəkənin strukturu, abunəçi tutumunun həddi və istismara verilməsi mərhələləri barədə məlumatlar, telekommunikasiya şəbəkəsinin vektor xəritəsi, internet telekommunikasiya xidmətinin keyfiyyətinə və dayanıqlılığına nəzarət sisteminə malik olması barədə sənədlərin surəti daxildir.

Bu barədə NUHÇIXAN-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

İKTA-dan verilən məlumata görə, xidmət göstərilən istifadəçi kateqoriyası, eləcə də xidmətin topdan, pərakəndə və ya yenidən satış formasında təqdim olunması barədə məlumatlar da uçota alınma üçün ərizədə əks etdiriləcək.

“Eləcə də dəyişikliklərə əsasən, uçota alınmış operatorlar və provayderlər barədə ictimaiyyətə açıqlanan məlumatların dairəsi də genişləndirilib. Belə ki, digər məlumatlarla yanaşı, operator və provayderlərin fəaliyyətinin əhatə dairəsi, hüquqi və fəaliyyət ünvanı, internet informasiya ehtiyatı, fəaliyyət növü, telefon nömrəsi, elektron poçt ünvanı və müqavilə nümunəsi ictimaiyyət üçün əlçatan olacaq. Yeni yanaşma İKTA-nın internet xidmətləri bazarında faktiki vəziyyəti daha dəqiq qiymətləndirməsinə, xidmət əhatəsinin və şəbəkə infrastrukturunun inkişafını məlumat əsaslı izləməsinə, keyfiyyət və dayanıqlılıq göstəriciləri üzrə monitorinq imkanlarının gücləndirilməsinə şərait yaradacaq. Nəticədə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: