Bu il 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb - FOTOLAR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artım deməkdir.
ƏMDX-dən NUHÇIXAN-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 58 mindən çoxu (18,7 faiz) ilkin, 252 mindən çoxu (81,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Qeyd edək ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 0,7 faiz, alqı-satqı üzrə 10,1 faiz, vərəsəlik üzrə 4,3 faiz, bağışlama üzrə 15 faiz, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 16,7 faiz artım müşahidə olunub.
Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında 25 faiz azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr ayları ərzində mənzillər üzrə aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatı 1,7 faiz, fərdi yaşayış və bağ evləri üzrə 14,7 faiz, qeyri-yaşayış sahələri üzrə 11,6 faiz, qeyri-yaşayış binaları üzrə 10,3 faiz artım, çoxmərtəbəli yaşayış binaları üzrə 21,4 faiz, əmlak kompleksi kimi müəssisələr üzrə 9,7 faiz, torpaq sahələri üzrə isə 0,5 faiz azalma müşahidə olunub.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində qeydiyyata alınmış mülkiyyət hüquqlarının 90.905-i (29,3 faiz) Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.2026-cı ilin yanvar-oktyabr ayları ərzində 56.878 ipoteka və 6.577 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,9 faiz və 12,6 faiz artım deməkdir.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 219.018 texniki pasport tərtib edilib.