Dünya əmtəə birjalarında qızılın qiyməti 2025-ci ilin sentyabrından bəri ilk dəfə bir troya unsiyası üçün 3800 dollardan aşağı düşüb.
NUHÇIXAN xəbər verir ki, hazırda qızılın bir troya unsiyası 3774 dollara ticarət olunur. Beləliklə, qiymətli metal ardıcıl 3 gündür dəyər itirir.
Qızıl ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin inflyasiya ilə mübarizə məqsədilə faiz dərəcələrinin əlavə artırılmasının zəruri olduğunu bildirməsindən sonra ucuzlaşıb. Belə ki, Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri Alberto Musalemin ABŞ iqtisadiyyatının yaz mövsümündən əvvəl, ehtimal ki, bir neçə faiz artımına ehtiyac duyacağını bildirib. Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Con Vilyams isə inflyasiyanın 2 faizlik hədəf səviyyəsinə qaytarılması üçün mərkəzi bankın hələ görməli olduğu işlərin olduğunu bildirib.
Fevralın sonlarında ABŞ ilə İran arasında müharibənin başlamasından bəri qızılın qiyməti 25 faizdən çox ucuzlaşıb. Buna əsas səbəb enerji xərclərinin artmasının inflyasiyanı sürətləndirməsi və mərkəzi bankları pul siyasətini sərtləşdirməyə sövq etməsidir.
Bazar iştirakçıları dekabr və yanvar aylarında faiz dərəcələrinin 0,25 faiz bəndi artırılacağını, aprelin sonunadək isə daha bir artımın baş verəcəyini gözləyirlər. Faiz artımı gözləntiləri fonunda ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi son 20 ilə yaxın dövrdə 5 faizdən yuxarı qaldığı ən uzunmüddətli dövrə yaxınlaşır. Faiz dərəcələrinin və borclanma xərclərinin artması faiz gəliri gətirməyən qızıl kimi qiymətli metallar üçün, adətən, mənfi amil hesab olunur. Eyni zamanda, ABŞ dollarının indeksi 0,1 faiz yüksəlib. Bu da dollarla qiymətləndirilən qızılı digər valyutalara sahib olan alıcılar üçün bahalaşdırır.
Analitiklər bildirirlər ki, hazırda qızıl bazarında əlverişsiz şərait hökm sürür və xüsusilə alış marağının zəif olması qiymətlərə təzyiq göstərir. Qızılın qiyməti 4 min dollardan aşağı səviyyədə nə qədər uzun müddət qalarsa, yenidən satış təzyiqinin yaranması riski bir o qədər artar. Bazarda qiymətlərin istiqamətini dəyişə biləcək hər hansı amil meydana çıxmayana qədər investorlar ehtiyatlı mövqelərini qoruyacaqlar.
FED-in gələcək faiz siyasəti ilə bağlı əlavə siqnallar əldə etmək istəyən investorlar qurumun oktyabr iclasının protokoluna diqqət yetirirlər. FED sədri Kevin Uorş isə həftənin əvvəlindəki çıxışlarında faiz dərəcələrinin yaxın perspektivdəki istiqaməti ilə bağlı birbaşa şərh verməkdən çəkinib.
Gümüşün qiyməti 45 dollara enib. Platin və palladium da dəyər itirib.
