Neft bazarında yeni geosiyasi gərginlik riski qiymətlərə təsir göstərir

A- A A+

“New York Times” qəzetinin ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları yenidən başlamağı nəzərdən keçirdiyinə dair məlumatından sonra dünya bazarında neftin qiymətinə artım təzyiqi güclənib.

NUHÇIXAN xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti yenidən 92 dollar səviyyəsindən yuxarıda qərarlaşıb. “Light” markalı neftin bir barelinin qiyməti isə 83 dollar səviyyədə ticarət olunur.

“New York Times” qəzetinin ABŞ və İsrail rəsmilərinə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələr endirilməsi planlarını nəzərdən keçirir. Məlumata əsasən, Tramp hələlik yekun qərar verməyib. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinə 4-7 gün davam edəcək hərbi əməliyyata qoşulması üçün təzyiq göstərir.

Ekspertlərin fikrincə, regionda hərbi gərginliyin artması neft bazarında təklifin yaxşılaşması ilə bağlı müsbət gözləntiləri kölgədə qoyur. Hörmüz boğazı vasitəsilə neft daşımalarında müəyyən yaxşılaşma müşahidə olunsa da, gəmilərə hücumlar hələ də davam edir. Bundan əlavə, Prezident Donald Trampın İrana qarşı yeni və genişmiqyaslı hərbi zərbələr endirilməsi planlarını yenidən gündəmə gətirməsi bazardakı qeyri-müəyyənliyi artırır.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Tehran qonşu ölkələrə ərazilərindən ABŞ-nin İrana qarşı hücumlar həyata keçirməsinə imkan verməmələri barədə xəbərdarlığını bir daha təkrarlayıb. Nazirlik bildirib ki, belə hücumların qarşısının alınmaması “təcavüz aktı” kimi qiymətləndiriləcək və İrana “müdafiə tədbirləri” görmək hüququ verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: