“Xocalı” gəmisi RINA təsnifat cəmiyyətinin nəzarəti ilə aralıq yoxlamadan keçib - FOTOLAR

A- A A+

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” quru yük gəmisi Çində yerləşən "Zhoushan Xinya" gəmiqayırma zavodunda RINA (Registro Italiano Navale) beynəlxalq təsnifat cəmiyyətinin nəzarəti altında aralıq yoxlamadan uğurla keçib. Bir ay davam edən prosesin yekununda RINA tərəfindən gəminin müvafiq sertifikatları yenilənib.

ASCO-dan NUHÇIXAN-a bildirilib ki, yoxlama çərçivəsində "Xocalı"nın texniki vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, əsas mexanizm və sistemlərinin genişmiqyaslı təmir işləri həyata keçirilib. Belə ki, gəminin üst göyərtəsi tam rənglənib, baş mühərrik əsaslı təmir olunub, yanacaq və ballast sistemlərinə xidmət göstərilib.

Təmir işləri çərçivəsində yaşayış sahələri və mətbəxin havalandırılması üçün yeni hava qutusu hazırlanıb. Bundan başqa, hər üç köməkçi mühərrikin tənzimləyicisi əsaslı təmir edilib, qazan təmizlənərək yoxlanılıb, təhlükəsizlik klapanlarının təzyiq sınaqları aparılıb.

Aralıq yoxlama və təmir işlərinin tamamlanmasından sonra “Xocalı” ABŞ-nin Kaliforniya ştatında yerləşən Vilminqton limanına yola düşüb. Gəminin dekabrın əvvəllərində təyinat limanına çatması planlaşdırılır.

Qeyd edək ki, 2024-cü il mayında Çində istismara qəbul edilən “Xocalı” ASCO-nun “Handysize” tipli ilk quru yük gəmisidir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15 metr olan gəminin suya oturumu 10,47 metr, ümumi yükgötürmə qabiliyyəti 38 593 ton, maksimal sürəti isə 15,7 knotdur.

Beş yük anbarına malik nəhəng gəminin göyərtəsində hər birinin yükgötürmə qabiliyyəti 30 ton olan dörd kran yerləşir. Kranların hər biri bütün yük anbarlarına xidmət göstərə bilir, qolları isə dayandıqları nöqtədən 26 metrədək məsafəyə uzanır.

Minimal suya oturumla yüksək yükgötürmə qabiliyyətinin birləşdirilməsi “Xocalı”nın əsas texniki üstünlüklərindəndir. Bu xüsusiyyət gəminin müxtəlif su dərinliyinə malik limanlara, o cümlədən dayaz limanlara daxil olmasına imkan yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: