Avropa İttifaqı (Aİ) kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət yetirir və müttəfiq dövlətlərə bu sahədə köməklik göstərir. Aİ-nin məqsədi daha səmərəli müdafiə sistemlərinin yaradılmasıdır. Bu sistemlər texnologiyaların inkişafına təkan verməklə yanaşı kibertəhdidlərin də aradan qaldırılmasını təmin edəcək.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransın panel müzakirəsində çıxışı zamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius deyib.
Onun sözlərinə görə, Aİ-nin Azərbaycanla əməkdaşlığı siyasi dialoq çərçivəsindən kənara çıxır.
“Biz bu sahədə əməkdaşlıq əlaqələrimizi davam etdiririk. Hazırda Aİ Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlığın artırılması üzrə layihənin ikinci mərhələsini həyata keçirir. Layihə praktiki fəaliyyətləri dəstəkləyir və yerli səviyyədə konkret imkanların formalaşdırılmasına xidmət edir. Azərbaycan ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə Bakıda “Kritik İnfrastrukturun Müdafiəsi Çağırışı” adlı tədbir keçirildi. Tədbirdə bank, dövlət qurumları və digər strukturların təmsilçiləri üçün səmərəli kibertəlim oldu. Belə praktiki təlimlər milli imkanların və kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsinə töhfə olur. 2026–2030-cu illəri əhatə edən yeni Aİ–Azərbaycan Tərəfdaşlıq Prioritetlərini həyata keçirməyə hazırlaşırıq. Hazırda danışıqların yekun mərhələsində olan bu prioritetlərdə enerji təhlükəsizliyi, regional bağlantılar, rəqəmsallaşma və dayanıqlı infrastruktur məsələlərinə mühüm yer ayrılır. Sənəd Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığı çərçivəsində süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı da nəzərdə tutur. Bütün bunlar təcrübə mübadiləsi aparmaq, praktiki həllər hazırlamaq və əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün möhkəm zəmin yaradır”, - deyə Aİ nümayəndəsi qeyd edib.
