BMT rəsmisi: Azərbaycanın rəqəmsal hökumət sahəsində təcrübəsi bütün dünya üçün nümunə olmalıdır - FOTOLAR

A- A A+

Azərbaycan 2024–2026-cı illər ərzində rəqəmsal hökumətin inkişafı sahəsində əhəmiyyətli irəliləyiş əldə edərək BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 74-cü yerdən 38-ci pilləyə yüksəlib.

NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin Rəqəmsal Hökumət Şöbəsinin rəhbəri Vinçenzo Akvaro “Elektron Hökumət Sorğusu 2026: Rəqəmsal Hökumətdən Agent Hökumətə” hesabatının Nyu-Yorkda keçirilən təqdimatı zamanı agentliyin ABŞ müxbirinin sualını cavablandırarkən bildirib.

BMT rəsmisi Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

“Azərbaycan 2024-cü ildən 2026-cı ilə qədər böyük irəliləyiş əldə edən ölkələrdən biridir. Ölkə 2024-cü ildə 74-cü yerdə olduğu halda, hazırda 38-ci pilləyə yüksəlib. Bu, həqiqətən də təsirli irəliləyişdir”, – deyə Vinçenzo Akvaro vurğulayıb.

Onun sözlərinə görə, bu inkişafın arxasında güclü siyasi rəhbərlik, eləcə də inkişafı dəstəkləyən möhkəm normativ-hüquqi baza dayanır.

Vinçenzo Akvaro qeyd edib ki, burada söhbət təkcə insan kapitalından, dövlət siyasətindən və strategiyadan deyil, həm də investisiyalardan gedir.

“Daha əvvəl də qeyd olunduğu kimi, Azərbaycan bu istiqamətə əhəmiyyətli həcmdə investisiya yatırıb. Azərbaycan, həqiqətən də, çox maraqlı ölkədir və mən əminəm ki, onun təcrübəsi həm regionda, həm də bütün dünyada digər dövlətlər üçün qabaqcıl təcrübə nümunəsi olmalıdır”, – deyə Vinçenzo Akvaro əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: