Qızıl ABŞ dollarının möhkəmlənməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz dərəcələrini artıra biləcəyi ilə bağlı gözləntilərin təsiri ilə ucuzlaşıb.
NUHÇIXAN xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti həftəlik əsasda təxminən 8,9 faiz azalaraq mart ayından bəri ən kəskin geriləmə nümayiş etdirir. Qızılın qiyməti 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. Qiymətli metalın bir troya unsiyası hazırda 3560 dollara ticarət olunur.
ABŞ-də dekabr fyuçersləri üzrə qızılın qiyməti 3,6 faiz azalaraq 3551 dollar olub.
Həftə ərzində qızılın qiymətində qeydə alınan təxminən 9 faizlik azalma martın 20-də başa çatan həftədən bəri ən kəskin həftəlik eniş olub.
ABŞ dollarının son 19 ayın ən yüksək səviyyəsinə yaxın mövqedə qərarlaşması da dollarla qiymətləndirilən qiymətli metalların ucuzlaşmasına təzyiqi artırıb.
Analitiklərin fikrincə, ABŞ-də faiz dərəcələrinin yenidən artırılması və inflyasiyanın uzun müddət yüksək səviyyədə qalacağı ilə bağlı gözləntilər bazarlarda satış təzyiqini gücləndirib. Həmçinin dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və dolların möhkəmlənməsi qızılın qiymətinə mənfi təsir göstərir.
