Qızılın qiyməti investorların azalmadan sonra alışlara başlaması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz dərəcələrini artıracağına dair gözləntilərin bir qədər zəifləməsi fonunda yeni həftəyə artımla başlayıb.
NUHÇIXAN xəbər verir ki, ötən həftə son bir ildən artıq müddətin ən aşağı səviyyəsinə enən qiymətli metalın bahalaşmasına Çində fərdi investorların artan tələbi və istiqrazların gəlirliliyinin azalması da dəstək verib.
Həftə ərzində 9 faiz ucuzlaşaraq bir ildən çox müddətin minimumunu görən qızılın bir troya unsiyasının qiyməti 2,6 faizədək artaraq 3600 dolları ötüb. Bununla da qiymətli metal son 8 ayın ən kəskin həftəlik enişindən sonra mövqelərini bərpa etməyə başlayıb.
Çində qızılın uzunmüddətli dəyər qoruma vasitəsi olduğuna inanan investorlar qiymətlərin aşağı düşməsindən istifadə edərək alışları artırıblar.
Ekspertlərin sözlərinə görə, Çində pərakəndə qızıl külçəsi ticarətinin əsas mərkəzi olan Şençjen şəhərindəki Şuibei bazarında qızıl mağazaları zinət əşyaları almaq istəyən müştərilərlə dolub. Bu maraq əsasən mövcud qiymət səviyyəsini minimum hesab edən fərdi investorlarla bağlıdır.
Qızılın bahalaşmasına ötən cümə günü ABŞ-nin dövlət istiqrazları bazarında müşahidə olunan yüksəliş də təsir göstərib. Süni intellekt sahəsində xərclərin davamlılığı ilə bağlı narahatlıqların maliyyə bazarlarında dəyişkənliyi artırması investorları təhlükəsiz aktivlərə yönəldib.
ABŞ dövlət istiqrazlarının gəlirliliyindəki azalma bazar ertəsi səhm fyuçerslərinin bərpası fonunda zəifləsə də, bəzi investorlar süni intellekt sektoruna yönələn investisiyaların davamlılığı ilə bağlı ehtiyatlı mövqelərini qoruyublar.
ABŞ-nin maliyyə naziri Skott Bessent FED-in son inflyasiya göstəricilərinə həddindən artıq sərt reaksiya verməsinin ölkə iqtisadiyyatını risk altına sala biləcəyi barədə xəbərdarlıq edib.
Maliyyə bazarlarında dəyişkənliyin real iqtisadiyyata da sirayət edə biləcəyi ilə bağlı narahatlıqların artması fonunda investorlar FED-in dekabr ayında faiz dərəcələrini artıracağına dair gözləntilərini azaldıblar. Pul siyasətinə daha həssas olan ikiillik ABŞ dövlət istiqrazlarının gəlirliliyi ötən cümə günü 12 baza bəndi azalıb. Bu amil faiz gəliri gətirməyən qızılın qiymətinə təzyiqi də zəiflədib.
Analitiklər bildirirlər ki, tarixi tendensiyalar nəzərə alınarsa, qızılın son 13 həftə ərzindəki kəskin ucuzlaşması, böyük ehtimalla, hazırda başa çatmaq üzrədir. İnvestorlar arasında qiymətlərin aşağı səviyyəsindən istifadə edərək qızıl almağa güclü maraq müşahidə edilir.
