Əsas çıxış zamanı Qarabağ bölgəsinin inkişafı məsələsinə toxunuldu. Bu, bizim hazırda fəaliyyət göstərdiyimiz və elektromobilliyin inkişafı istiqamətində daha çox iş görmək istədiyimiz regiondur.
NUHÇIXAN xəbər verir ki, bunu “Iveco Group” şirkətinin beynəlxalq biznes dəstəyi üzrə rəhbəri Andrea Ciommi Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində keçirilən “İnfrastruktur, logistika və tikinti” panelinin “Gələcəyin bağlantıları: regional inteqrasiya üçün nəqliyyat, logistika, şəhərsalma və iqtisadi dəhlizlər” adlı plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, “Iveco Group” avtomobil sənayesində Avropanın aparıcı şirkətlərindən, İtaliyanın isə əsas sənaye müəssisələrindən biridir.
“Şirkət İtaliya irsi ilə fəxr edir və Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının uğurlu nümunələrindən biri olmaqdan məmnundur. Azərbaycanla İtaliya arasında təcrübə mübadiləsi, texnologiyaların transferi və İtaliya şirkətlərinin Azərbaycanda istehsal fəaliyyətinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın “Azteximport” şirkəti ilə qurulan möhkəm tərəfdaşlıq sayəsində ölkənin logistika sektorunun inkişafına, şəhərsalma prosesinə və nəqliyyat sisteminin modernləşdirilməsinə töhfə verilir. İki il əvvəl Azərbaycanda kommersiya avtomobillərinin yerli yığımına başlanılıb. Hazırda ölkənin ehtiyaclarına uyğun olaraq təcili tibbi yardım avtomobilləri, tullantıların daşınması üçün xüsusi nəqliyyat vasitələri və digər mühüm təyinatlı avtomobillər təchiz olunur. Şirkət, həmçinin elektrik avtobuslarının Azərbaycanda yerli yığımını dəstəkləməyə hazırdır. “Iveco Group” Azərbaycanla ikitərəfli əməkdaşlığı daha da genişləndirmək, ölkənin müxtəlif dövlət qurumlarının nəqliyyat vasitələrinə olan tələbatının ödənilməsinə töhfə vermək niyyətindədir. Hazırda “BakuBus”un avtobus parkının modernləşdirilməsi istiqamətində çalışırıq. Eyni zamanda, Azərbaycanın ehtiyac duyduğu məktəb avtobuslarının və elektrik avtobuslarının təchizatında iştirak etmək istəyirik. Düşünürəm ki, biz Azərbaycan-İtaliya əməkdaşlığının uğurlu nümunəsiyik və bu tərəfdaşlığı daha da inkişaf etdirməyə hazırıq”, – deyə Andrea Ciommi bildirib.
