“AI Academy” gənc süni intellekt mütəxəssisləri ilə işəgötürənlər arasında dialoq platforması yaradıb
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) nəzdində fəaliyyət göstərən “AI Academy” tərəfindən “AI Career Bridge” tədbiri keçirilib.
Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, “AI Career Bridge” süni intellekt sahəsində yetişən gənc mütəxəssisləri müxtəlif sektorları təmsil edən şirkətlərin insan resursları, data, süni intellekt və texnologiya istiqamətləri üzrə rəhbərləri ilə bir araya gətirib. Görüşün məqsədi işəgötürənlərin kompetensiya gözləntilərini gənclərə çatdırmaq, onların praktiki potensialını nümayiş etdirmək və təhsil ilə əmək bazarı arasında əlaqəni gücləndirmək olub.
Proqram çərçivəsində “AI Academy”nin tədris yanaşması və tələbələrin hazırladıqları layihələr təqdim edilib. Şirkət nümayəndələri layihələrin texniki əsasları və tətbiq imkanları ilə tanış olaraq iştirakçılarla onların peşəkar inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
“Süni intellekt və data sahəsində karyera: bacarıqlar, gözləntilər və imkanlar” mövzusunda keçirilən paneldə müxtəlif sektorlarda tələb olunan kompetensiyalar, namizədlərin praktiki potensialının qiymətləndirilməsi, texniki və fərdi bacarıqların rolu, eləcə də mütəxəssislərin əmək bazarına hazırlığı məsələləri müzakirə olunub.
Tədbir şirkət nümayəndələri ilə gənc mütəxəssislər arasında birbaşa ünsiyyət və peşəkar əlaqələrin qurulmasına imkan yaradan şəbəkələşmə sessiyası ilə davam edib.
