Elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.
Komissiyanın yaradılma məqsədi elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsidir. Komissiyanın sədri energetika naziri Pərviz Şahbazovdur.
Komissiyaya beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə 2 ay müddətində ölkənin enerji təhlükəsizliyi də nəzərə alınmaqla elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin vəziyyətinin araşdırılması, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin təhlil edilməsi və onun inkişafı üzrə tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisinin və istismarının səmərəliliyinin araşdırılması tapşırılıb. Həmçinin “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsinin həyata keçirilməsi, zərurət olduqda, aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərinin Komissiyanın işinə cəlb edilməsi tapşırılıb.
Araşdırma və təhlil nəticələrinə dair məlumatları və təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək. “AzərEnerji” və “Azərişıq” Komissiyanın fəaliyyətinə lazımi kömək göstərəcək, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin edəcək. Maliyyə Nazirliyi zəruri tədbirlərin görülməsini təmin edəcək.
